Modern.az

Bu gün Milli Məclisə təkrar seçkilər keçirilir

Bu gün Milli Məclisə təkrar seçkilər keçirilir

Aktual

18 İyun 2016, 00:23

Bu gün 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir. Modern.az saytı xəbər verir ki, 1 noyabr 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə 90 saylı Ağdaş seçki lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev olub.

Lakin Mərkəzi Seçki Komissiyası 17 dekabr 2015-ci il tarixli iclasında Ağdaş seçki dairəsində səslərin nəticələri etibarsız sayılan seçki məntəqələrinin sayının bu dairədəki seçki məntəqələrinin sayının beşdə birindən, bu məntəqələrdəki seçicilərin sayının dairədəki seçicilərin sayının dörddə birindən çox olduğu üçün  bu dairədə seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.


Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-ə təyin edilib.

 
Modern.az-ın xəbərinə görə, bu seçki dairəsi üzrə təkrar seçkidə 7 namizəd iştirak edir.

 

Səsvermə iyunun 18-də saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.

 

Deputat olmaq istəyənlərdən Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir və partiyanın Ağdaş rayon təşkilatının sədridir. 

 

Deputatlığa digər namizəd Ümid Partiyasının sədri İqbal Ağzadədir. Yerdə qalan digər namizədlər isə bitərəfdir.

 

Artıq təkrar seçkilər keçiriləcək 90 saylı Ağdaş seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb.

 

Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək.

 

Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq.

 

AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.

 

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı