“Müxtəlif media orqanlarında şirkətimiz Petkim Neft-Kimya Holdinq A.Ş.nin Aliaqa tədris korpusunda istintaq keçirdiyinə dair xəbərlər yer alıb. Bildirmək istəyirik ki, bu proseslərin şirkətimizin fəaliyyətinə heç bir təsiri yoxdur. İlin 365 günü durmadan fəaliyyət göstərən Petkim-in işi normal davam edir”. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Petkim İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında bildirlir.
Açıqlamada bildirilir ki, 60-a yaxın müxtəlif növlü xammal məhsulu istehsal edən və Egey Dənizi Bölgəsinin ən böyük ixracatçısı olan Petkim məhsulunu 50-dən çox ölkəyə ixrac edir: "Petkimin məhsulları Türkiyədə 6 min sahibkar tərəfindən istifadə edilir. 50 ildən çox müddətdir Türkiyə üçün istehsal etməkdə olan Petkim, 150 min nəfərə məşğulluq təmin edir”.
“Türkiyə Cümhuriyyəti hökumətinə, iqtisadiyyatına və sabitliyinə güvənimiz tamdır. Rəhbərlik olaraq, yaşanan prosesdə Türkiyənin özəl və dövlət sektorundakı bir çox müəssisə və təşkilatında aparılan araşdırma prosesi çərçivəsində hüquq-mühafizə orqanlarına hər cür kömək göstəririk. Biz Petkim olaraq, bu məmləkət üçün çalışmağa davam edəcəyik və hökumətimizlə tam əməkdaşlıq şəraitində prosesin başa çatdırılması üçün lazım olanı edəcəyik”, - deyə açıqlamada bildirilir.
Modern.az