Noyabrın 15-dən etibarən ölkə üzrə istilik mövsümünün başlanması ilə əlaqədar təhsil müəssisələrində hazırlıq tədbirləri həyata keçirilib və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Modern.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində təhsil müəssisələrinin istilik sistemlərinin mövcud vəziyyəti hərtərəfli araşdırılıb. Müvafiq qurumlarla birgə qazanxana və istilik sistemlərinin texniki sazlığı yoxlanılıb, aşkar edilən və yarana biləcək nasazlıqların aradan qaldırılması üçün zəruri addımlar atılıb.
Rəsmi məlumata əsasən, hazırda ölkə üzrə 214 məktəb və 151 məktəbəqədər təhsil müəssisəsində istilik təminatı mərkəzləşdirilmiş şəkildə təşkil olunub.
Əvvəllər odun yanacağından istifadə edən bütün təhsil müəssisələrində isə müasir ekoloji tələblərə uyğun olaraq pellet yanacağına keçid təmin edilib. Ümumilikdə 1438 müəssisə üçün 9209 pellet sobası quraşdırılaraq istifadəyə verilib.
Bununla yanaşı, 176 təhsil müəssisəsində qazlaşdırma işlərinə başlanılıb. Onlardan 144-də işlər tam başa çatıb, 32 müəssisədə isə işlər davam etdirilir. Prosesin hələ ki yekunlaşmadığı həmin 32 müəssisədə istilik fasiləsizliyi alternativ istilik təmin edən avadanlıqlar vasitəsilə həll olunur.
Qeyd edək ki, cari ildə ümumilikdə 743 təhsil müəssisəsində istilik sisteminin əsaslı və ya cari təmiri həyata keçirilib.
İstilik mövsümü ərzində yarana biləcək texniki problemlərin operativ həlli və mövcud sistemlərdəki nasazlıqların vaxtında aradan qaldırılması məqsədilə regionlarda aidiyyəti qurumlarla birlikdə xüsusi qruplar yaradılıb. Daxil olan müraciətlər dərhal qeydiyyata alınır, təhlil olunur və qısa zamanda həlli istiqamətində zəruri tədbirlər görülür.
Təhsil müəssisələrində istilik təminatının dayanıqlı təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması və yarana biləcək problemlərə çevik müdaxilə edilməsi istiqamətində tədbirlər mövsümboyu davam etdiriləcək.