Modern.az

Azərbaycan mediası aprel döyüşlərində: peşəkar iş gənclərdə vətənpərvərlik ruhuna da təsir etdi

Azərbaycan mediası aprel döyüşlərində: peşəkar iş gənclərdə vətənpərvərlik ruhuna da təsir etdi

Aktual

3 Avqust 2016, 13:10
“Aprel hadisələri zamanı hamı kmi bizim ailədə də gərginlik hökm sürürdü. Ən çox  9-cu sinifdə oxuyan oğlum narahat idi. O,  “Facebook”, yerli informasiya saytları vasitəsilə  anbaan hadisələrin gedişatını izləyirdi. O qədər qarışıq, güclü hisslər keçirirdi ki... Bir müddət sonra gəlib bizə elan etdi ki, artıq seçimini edib və hərbçi olacaq. Bunu bizə elə formada söylədi ki, onun qərarını dəyişməyəcəyini anladıq”. 
 
 
Salyan rayon sakini, kitabxanaçı Səidə Quliyeva bizimlə söhbətində deyir ki, oğlunun öz peşəsini seçməyində informasiyanın, yeni medianın rolu böyük olub. Səidə xanımın sözlərinə görə, artıq oğlu sənədlərini hazırlayıb və hərbi məktəbə müraciət edib. 
 
 
Əslində, bu ilin aprel ayının əvvəlində cəbhə xəttində baş verən hadisələr, Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini atəşə tutmaları təkcə bu salyanlı gəncin həyatını, dünyaya baxışını dəyişmədi. Aprel hadisələri zamanı Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbiri görməyə məcbur qaldılar. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxardı. 
 
 
Düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Bütün bu hadisələr Azərbaycan gənclərinin əksəriyyətində milli-mənəvi hislərin baş qaldırmasına səbəb oldu. Təbii ki, milli-mənəvi dəyərlər ruhunda formalaşmayan gənclik vətənpərvər ola bilməz. Çünki vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir. Odur ki, bu ilin aprel ayında cəbhə bölgəsində baş verən hadisələr Azərbaycan gəncliyinin həm də milli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirdi. 
 
Aprel hadisələri bir çox Azərbaycan gəncinin həyatını dəyişdi. Həmin hadisələr ərəfəsində prezident, Ali Baş Komandan İlham Əliyevin poçtuna ölkəmizin və dünyanın müxtəlif guşələrindən məktub və müraciətlər daxil olurdu. Bu məktub və müraciətlərdən aydın görünürdü ki, Ordumuzun uğurlu döyüş əməliyyatları xalqımızın, xüsusilə də gənclərimizin mübarizə əzmini artırıb, həmrəyliyini daha da möhkəmləndirib. Gənclərimiz məktublarında hiss və həyəcanlarını, arzu və amallarını yazır, dövlətimiz uğrunda hər an döyüşməyə hazır olduqlarını bildirirdilər. Onlar Azərbaycan əsgərinin rəşadətindən qürur duyur, Azərbaycan Prezidentinə inandıqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan edirdilər. 
 
Qeyd edək ki, aprel hadisələrinin şəffaf işıqlandırılması, xalqın cəbhədə baş verən hadisələr haqqında doğru-düzgün məlumatlandırılmasında medianın rolu danılmazdır. Ölkədə fəaliyyət göstərən sayt, qəzet, radio və televiziya kanalları hər yerdən sızan qeyri-dəqiq, şayiə xaralterli xəbərləri yaymadılar. Onsuz də həyəcan içində olan əhalini panikaya salmamaq üçün yalnız Müdafiə Nazirliyinin rəsmi açıqlamaları və hadisə yerindən hazırlanan reportajlar yayımlandı.  
 
Umud Rəhimoğlu: “Medianın təkamül inkişaf yolu keçməsi aprel hadisələri zamanı açıq-aydın göründü”
 
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu da bildirir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan mediası təkamül inkişaf yolu keçib. Aprel hadisələri zamanı bu inkişaf açıq-aydın hiss olunmağa başladı. Aprel döyüşləri Azərbaycan mediasına bu sahədə daha da peşəkar işləməyi öyrətdi. Həm vətəndaş, dövlət qurumları, həm də mətbuat məlumatın yayılmasında, işıqlandırılması və bölüşdürülməsində demək olar ki, əməkdaşlıq şəraitində fəaliyyət göstərirdilər: 
 
 
“Media da burada öz rolunu oynadı”
 
 
U. Rəhimoğlunun sözlərinə görə, aprel hadisələrinin işıqlandırılması zamanı neqativ məqamlar da olub. Mətbuat Şurası uzun illərdir bu tip problemlərin aradan qaldırılmasına çalışır: “Təəssüf ki, mətbuatımızda Azərbaycanın strateji maraqlarına uyğun olmayan yazılar da dərc olunub. Yaxşı ki, o mətbu orqanlarının heç də ciddi təsir gücü yoxdur. Bu istiqamətdə həm Mətbuat Şurası, həm də mediamızdakı peşəkar rəhbərlər ilə birlikdə iş birliyi qurduq, fəaliyyət göstərdik. Bu cür halların baş verməməsi üçün müəyyən tədbirlər gördük”. 
 
Mətbuat Şurasının sədr müavininin fikrincə, Azərbaycan mətbuatı idarə olunan idarə deyil, sadəcə ölkəmizin maraqlarına xidmət edən mətbuatdır: “Bizim maraqlarımızın fərqində olan Azərbaycan mətbuatı öz məsuliyyətini başa düşür. Təbii ki, fikir fərqliliyi ola bilər. Amma Azərbaycanın maraqlarına xidmət edən mətbuat daha güclü olmalıdır, öz məsuliyyətini daha dərindən başa düşməlidir. Bəzi media qurumlarının bəlli dəsti-xətti var. Əslində, mən deyərdim ki, məhz bu cür media orqanları kənardan idarə olunurlar. Tam səmimiyyətlə deyək ki, bu qurumlar bir növ Azərbaycan cəmiyyətinə təsir edən qurumlardır. Azərbaycan cəmiyyətində kifayət qədər peşəkar media məkanı formalaşıb. Əhali bu mediada özünə lazım olan məlumatları axtarır”. 
 
 
Buludxan Xəlilov: “Vətən mövzusunda ayrıseçkilik yoxdur”
 
 
Aprel ayında cəbhədə baş verən məlum hadisələr zamanı Azərbaycan gənclərinin vətənpərvərlik ruhu özünü çox yüksək səviyyədə büruzə verdi. Fılologiya elmləri doktoru, prof. Buludxan Xəlilov bildirir ki, gənclik tarixi nə qədər aydın bilərsə, müasir dünyanın tələblərinə cavab verən, vətənini, torpağını, dilini, dinini sevən gənclik yetişər: “Bu günkü gənclik öyrənməyə meyillidir, təkcə Azərbaycanın yox, dünya tarixini də öyrənməyə çalışır. Biz gənc nəsli hərtərəfli yetişdirməliyik,  onlara Qarabağ tariximizi öyrətməliyik”.
 
B. Xəlilovun sözlərinə görə, aprel hadisələrində gənc nəslin nə qədər düzgün yolda olduğunu gördük: “Bütün ali təhsil müəssisələrində gənclər Qarabağın düşmən tapdağından azad olunması uğrunda savaşa hazır olduqlarını, vətənin bir qarış torpağını da ermənilərə güzəştə getməyəcəklərini bildirdilər. Hamı bir nəfər kimi ayağa durdu. Gənc qız və oğlanlarımz torpaqlarımızın azadlığı uğrunda mübarizə aparmağa hazır olduqlarını dedilər”. 
 
Professorun fikrincə, orta məktəblərin ana vəzifəsi vətəndaş formalaşdırmaqdır:  “Orta məktəbdə təkcə peşəkar yox, həm də vətəndaş yetişdirilməlidir. Vətənini, xalqını, dövlətini, millətini sevməlisən. Yalnız ondan sonra yaxşı rəssam, alim, heykəltəraş ola bilərsən. Ümumtəhsil məktəblərimizin əsas vəzifəsi də məhz budur. 
 
Aprel hadisələri bir daha sübut etdi ki, indiki Azərbaycan gəncliyi 10-15 il əvvəlki gənclik deyil. Gənclik Ali baş komandanın əmrini gözləyir. Bunların mərkəzində o dayanır ki, təlim-tərbiyə, ideoloji iş, komponentlərin gəncliyə mənimsənilməsi öz dəsti-xəttini düzgün tapıb. Gəncliyə düzgün baxmaq lazımdır. Sevindirici məqam odur ki, gənclik vətən, Qarabağ mövzusu gələndə, birdir, yekdildir, fikir müxtəlifliyi yoxdur.  Bəlkə də din, təriqət baxımından ayrı fikirlər ola bilər. Amma vətən mövzusunda ayrıseçkilik yoxdur. Gəncliyimizə ümidimiz böyükdür”. 
 
Gövhər Baxşəliyeva: “Azərbaycanda informasiya müharibəsi sahəsində böyük işlər görülür”
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyevanın da fikrincə, bu ilin aprel ayında cəbhə bölgəsində baş verən hadisələr gənclərin milli-mənəvi fikirlərinin daha da dolğum formalaşmasına səbəb oldu: “Gənclərimiz də bütün cəmiyyət kimi bu ideya ətrafında birləşərək daim o fikirlə yaşayır ki, biz öz torpaqlarımızın vahidliyini, ərazi bütövlüyümüzü bərpa etməliyik. Düşünürəm ki, Azərbaycanın gəncləri kifayət qədər vətənpərvərdirlər. Həmin hadisələr zamanı ali təhsil müəssisələrində tələbələrin əsgərlərimizə dəstək mitinqlərini xatırlayın. Gənclərimiz vətən eşqi ilə yaşayır, torpaqlarımızın düşməndən azad olunmasına can atırdılar. Hamı bir nəfər kimi vətənin əsgəri olmağa, cəbhəyə yollanmağa hazır idi”.
 
G. Baxşəliyevanın fikrincə, Azərbaycanda çox gözəl gənc nəsil yetişib: “Onlar öz öz üzərlərində kifayət qədər işləyirlər. Düzdür, bəzən informasiya texnologiyalarından daxil olan mənfi təsirlər var. İdeoloji müharibəni unutmaq olmaz. Biz Ermənistanla müharibə vəziyyətindəyik. Onlar çalışırlar ki, bizim əhaliyə, xüsusilə də gənclərin psixoloji vəziyyətinə təsir etsinlər, onlarda inamsızlıq yaratsınlar, vətənpərvərlik, milli qürur hissini qırmağa çalışırlar. Amma ideoloji müharibə sahəsində də Azərbaycan gəncliyi güclü tərəf kimi çıxış edir”.
 
Millət vəkilinin sözlərinə görə, aprel hadisələri da sübut etdi ki, Azərbaycanda informasiya müharibəsi sahəsində böyük işlər görülür: “İstər öz əhalimizə yönəlmiş informasiya təminatında, istərsə də, düşmənə yönəlmiş müharibədə”.
 
Sonda onu da qeyd edək ki, aprel döyüşləri gəncliyimizdən nigaran olanları arxayınlaşdırdı. Məlum oldu ki, Azərbaycan gəncləri heç də çoxlarının düşündüyü kimi əyləncə düşkünü, rahat həyat sevənlərdən ibarət deyil. Onlar tariximizi çox gözəl bilən, vətən eşqi, torpaq həsrəti ilə yaşayan, hər birimizin qürur mənbəyi ola biləcək gənclərdir.  
 
Bir sözlə, aprel hadisələri təkcə gənclər və media üçün yox, ümumiyyətlə hər birimiz üçün ən ciddi sınaq oldu. Əminik ki, bu sınaqdan üzüağ çıxmağı bacardıqsa, əsl imtahanda da yüksək xal toplaya biləcəyik. 
 
 
 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı