Modern.az

Əbülfəs Qarayev: “Xəyyam Mirzəzadənin vəfatı böyük itkidir” 

Əbülfəs Qarayev: “Xəyyam Mirzəzadənin vəfatı böyük itkidir” 

Aktual

31 İyul 2018, 17:43

İyulun 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, Dövlət mükafatları laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirildi.

Vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif yaradıcılıq təşkilatları adından da əklillər düzülmüşdü.

Xalq artisti Xəyyam Mirzəzadənin həmkarları, dostları, tələbələri, tanınmış mədəniyyət xadimləri axın-axın musiqi akademiyasının binasına gəlir, görkəmli bəstəkara və gözəl insana son mənəvi borclarını verirdilər.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Xəyyam Mirzəzadənin vəfatını Azərbaycan musiqi mədəniyyətində böyük itki kimi dəyərləndirdi. Azərbaycan mədəniyyətində özünəməxsus yeri və xidmətləri olan görkəmli bəstəkarın keçdiyi sənət yolunu xatırladaraq onun haqqında fikirlərini bölüşdü: “O, bütün ömrünü Azərbaycan musiqisinin inkişafına sərf edib. Bəstəkarın həyat yoluna nəzər salaraq deyə bilərik ki, o, maraqlı yaradıcı insan ömrü yaşayıb. Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il konservatoriyaya daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub. Əmək fəaliyyətinə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışıb, peşəkar kadrların yetişməsində misilsiz xidmətlər göstərib”.

Nazir qeyd etdi ki, Xəyyam Mirzəzadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardandır: “Xəyyam Mirzəzadə 10 ilə yaxın Tehranda dərs deyib, eyni zamanda dünyanın bir sıra ölkələrində ustad dərsləri keçib. Geniş yaradıcılıq diapazonuna malik sənətkar öz istedadını musiqimizin müxtəlif janrlarında sınayıb. Onun yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. O, dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara geniş şöhrət qazandırıb. Ölkənin musiqi ictimaiyyəti bəstəkarı gözəl nəğmələrin müəllifi kimi tanıyır. Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın görkəmli ifaçılarının repertuarını zənginləşdirib. Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub”.

Qeyd edildi ki, bəstəkar geniş dünyagörüşünə, dərin intellektə malik bir şəxsiyyət idi. Xəyyam Mirzəzadə hər bir məsələyə orijinal münasibəti, sənətə fərdi baxışları ilə seçilirdi. Onun haqqında “Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib. Əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 tamaşaya, estrada və caz pyeslərinə musiqi bəstələyib. Onun musiqiləri hər zaman səslənəcək.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva görkəmli sənətkarın həyat və yaradıcılığından, pedaqoji fəaliyyətindən və insani keyfiyyətlərindən söz açdılar. Qeyd olundu ki, Xəyyam Mirzəzadə çox gözəl pedaqoq idi, tələbələr onu çox istəyirdi. Onun yetişdirdiyi tələbələr nəinki ölkəmizdə, dünyanın bir çox yerində Azərbaycanı layiqincə təmsil edirlər. Bildirildi ki, gözəl təşkilatçı olan Xəyyam Mirzəzadə təkcə bəstəkarların yox, həm də rəssamların, yazıçıların dostu idi.

Vida mərasimində çıxış edən bəstəkarın oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salındı.

Mərhum ikinci Fəxri xiyabanda torpağa tapşırıldı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı