Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik Əhliman Əmiraslanov parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.
Modern.az xəbər verir ki, sağlamlıqlarında olan müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşları və təmsil etdiyi seçki dairəsindən olan seçiciləri ayrı-ayrılıqda qəbul edən Əhliman Əmiraslanov onları narahat edən məsələləri dinləyib.
Qəbulda müxtəlif xəstəliklərin müalicəsi və digər səhiyyə məsələləri ilə bağlı müraciətlərlə yanaşı, seçicilərin sosial problemlərinin həll edilməsi üçün müraciətlər də olub. Əhliman Əmiraslanov qəbula gələn insanların problem və təkliflərini dinləyərək bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.