ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib.
Modern.az-ın məlumatına görə, təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğulayıb.
“Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”.
Vahid Mustafayev filmin əvvəlki və bərpadan sonrakı vəziyyətini ekranda əyani şəkildə nümayiş etdirib. Tamaşaçılara bərpa prosesinin necə aparılması ilə bağlı da film haqqında film də təqdim olunub.
Təqdimat mərasimində çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans” Studiyasına təşəkkürünü bildirib. Cəmil Quliyev qarşıdan gələn 2020-ci ildə də bu layihənin davamını gözlədiyini də qeyd edib.
Daha sonra filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək, diqqət üçün “Balans” Studiyasına təşəkkürünü bildirib, filmin çəkilişləri barədə təəssüratları ilə bölüşüb.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, elm və ictimai xadimləri iştirak edib.