Qətərdə keçirilən klublararası dünya çempionatının final qarşılaşması yekunlaşdı.
Modern.az xəbər verir ki, finalda isə İngiltərə “Liverpul”u ilə Braziliya “Flamenqo”su qarşılaşıb. 90 dəqiqə qalibi müəyyənləşdirmək üçün yetərli olmayıb.
Matçda hesabı “Liverpul”un braziliyalı legioneri Firmino açıb. Onun 99-cu dəqiqədə həmyerlilərinin qapısından keçirdiyi qol matçın taleyini həll edib.
Bununla da “Liverpul” tarixində ilk dəfə dünya çempionu adına yiyələnib. 2005-ci ildə finalda “San-Paulu”ya 0:1 hesabı ilə uduzan mersisaydlılar digər Braziliya təmsilçisini yenib.
Bu, Avropa klublarının ardıcıl 7-ci uğuru olub. 2000-ci ildən təşkil olunan və 16-cı dəfə təşkil olunan yarışda “Köhnə qitə” təmsilçiləri 11, cənubi amerikalılar 5 dəfə qalib adına yiyələnib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Meksika “Monterrey”i Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı qəbul edib. Məhsuldar keçən görüşdə 4 qol vurulsa da, qalib müəyyənləşməyib. Bürünc medalların taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Meksikalılar daha dəqiq olaraq, 3-cü yeri tutublar.