Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı müzakirə olunaraq qəbul edilib.
Lakin hələlik YAP öz namizədlərinin siyahısını mətbuata təqdim etməyib. Bildirilir ki, siyahı partiyanın rəsmi saytında dərc olunacaq.
Qeyd edək ki, Modern.az-ın əməkdaşları siyahıda hansı namizədlərin olması barədə araşdırma aparırlar. Araşdırmalarımıza görə, YAP-ın deputatlığa namizədlər siyahısında beşinci çağırış Milli Məclisin deputatı Ağalar Vəliyevin də adı var. Onun namizədliyi 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən irəli sürülüb.
Xatırladaq ki, Ağalar Vəliyev beşinci çağırış Milli Məclisdə də 97 saylı seçki dairəsindən deputat seçilib.
T.İSMAYIL