“Uçan şir”in (TİENS) qurbanları
Elan: Şirkətə menecer tələb olunur, təqaüdə çıxmış hərbçilər üçün iş, təcrübə tələb olunmur, filan şirkət, əlaqədar şəxs və nömrəsi.
Bu tipli elanlar internetdə baş alıb gedir və tələyə düşənlərin sayı da az deyil. Bəs, proses necə baş verir?
Elanı görüb əlaqə saxlayırsan. Son dərəcə nəcibliklə görüşməyə dəvət olunursan. Ünvanı tapıb daxil olursan, ilk öncə resepşnda qarşılanırsan, sonra məmur qiyafəli adam yaxınlaşır, sən də həvəslə dərdini deyirsən. Daha sonra anket doldurmaq üçün başqa bir otağa göndərilirsən (çox ciddi iş imiş kimi gözünü boyamağa çalışırlar).
Sonrakı mərhələdə insan resursları mütəxəssisi ilə iki kəlmə kəsməyə haqq qazanmaq üçün xeyli gözləməli olursan.
Əsas məsələ burada başlayır. Mütəxəssis ailə üzvlərinin peşəsindən vurub , uşaqlıq xatirələrindən çıxır. Valideynin övladdan imtina etdiyi dövrdə heç nədən himayədara malik olursan. Daha sonra təlimlər haqqında məlumatlandırılırsan. Təlim 3 istiqamətdə keçirilir: satış, reklam, ofisdaxili iş. Halbuki sən bunlardan yalnız biri üçün müraciət etmişdin. Mərhələni keçsən, təlimin iştirakçısı olmaq “şərəfinə nail olursan”.
Təlimdə müxtəlif yaş qrupunu, fərqli peşə sahiblərini görmək mümkündür.Təlimçi böyük şövqlə təqdim olunur, özünü alqışladaraq içəri daxil olur, özü də özünü təqdim və tərif etdikdən sonra keçir görüşün məğzinə.
Şirkətin yaranması, uğurları, habelə məqsədləri haqqında dolğun məlumat verməyə başlayır. Söhbətin davamında müxtəlif iqtisadi məsələlərdən (daha çox informasiya biznesindən), şirnikləndirici fürsətlərdən danışıb, sizi manipulyasiya edərək marionetkaya çevirməyə çalışır.
Bəziləriniz tez duyuq düşüb, əllərindən sıyrılırsınız. Geriyə qalanlar isə görüləcək başqa daha yaxşı işi olmadığı və ya peşiman olmamaq üçün yenidən gəlməyə qərar verir.
Beləliklə, şəbəkə biznesinə qoşulmaq yolunda əmin addımlarla irəliləyirsiniz. Bir neçə təlimə qoşulduqdan sonra rüsumunuzu ödəyib, işə başlayırsınız. Başda işləriniz taraz gedə bilər. Az-maz da olsa, ətrafınız varsa, məhsulları satıb oradan gələn faizlə əliniz pul görür.
Bir qədər sonra vəziyyət qəlizləşir. Artıq daha çox adam cəlb etməli, məhsulları kimlərəsə sırımalısınız. Ona görə də seçim edərkən sırıma qabiliyyətinizin olub-olmamağına daha çox nəzər yetirirlər. Şirkətin işini soruşanda isə maarifləndirmə olduğunu deyirlər. Halbuki üstü bəzək, altı təzəkdən başqa bir şey deyil.
Hətta müraciət etdiyiniz elanların bir neçəsi eyni ünvana gedib çıxacaq.
Çünki uydurma adlardan istifadə edərək hamısını bir ünvana yönləndirirlər. Məsələni açıb uyğunsuzluğu üzlərinə vurmağa çalışsanız, bir az karıxıb, “Şöbə fərqi var” bəhanəsi ilə malalama bacarıqlarını nümayiş etdirəcəklər.
Əfsanə ŞƏRİF