Son zamanlar cavanlaşan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəliyə artıq 1-3 yaşlı uşaqlar arasında belə rast gəlinir. Bəs xəstəliyin yaranma səbəbi nədir?
Respublika Endekrinoloji Mərkəzin endekrinoloqu Azadə Əliyeva Modern.az-a açıqlamasında sözügedən xəstəliyin səbəblərinin müxtəlif olduğunu bildirib:
“Şəkər xəstəliyinin yaranma səbəbi bilinmir. Mədəaltı vəzidə, vektor hüceyrələrdə pozulma olur, daha sonra insulin ifraz olunmur və şəkər xəstəliyi yaranır. Bu xəstəlik infeksion xəstəliklərdən, stress, həyəcan kimi səbəblərdən, genetik faktorlardan, mənşəyi məlum olmayan qidalardan da əmələ gələ bilər.
Bəzən elə olur ki, 1.5 yaşlı uşaq nə qida istifadə edir, nə də infeksion xəstəlik keçirib, amma bu xəstəliyə tutulur”.
Azadə Əliyeva deyir ki, xəstələr arasında 8 aylıq, 1 yaşlı uşaqlar belə var, amma anadangəlmə bu xəstəliklə doğulan uşaqlara isə hələ ki rast gəlinməyib. Onun sözlərinə görə, şəkər xəstəliyinə tutulmuş uşaqlar dövlət tərəfindən insulin, insulin ucluqları, şəkər aparatı ilə təmin olunur.
Həkim onu da qeyd edib ki, uşaqlar böyüklərə nisbətən xəstliklə bağlı daha çox çətinlik yaşayır:
“Uşaqlara gündə 5 dəfə insulin vurulur, 5-6 dəfə həm yeməkdən əvvəl, həm də sonra şəkərləri ölçülməlidir. Bu da uşaqlar üçün çətinlik yaradır. Çünki barmaqları bir neçə dəfə deşilir, qlükometrlə şəkərləri ölçülür. Lakin uşaqlarda ağırlaşmalar daha az olur”.
Qeyd edək ki, 2019-cu ildə şəkər xəstəsi kimi qeydiyyata alınan uşaqların sayı əvvəlki illərə nisbətən çoxdur.
Əfsanə ŞƏRİF