Modern.az

“Dünya birliyinin Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb” - XİN

“Dünya birliyinin Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb” - XİN

Aktual

3 Yanvar 2020, 12:50

"Ötən 2019-cu il ərzində beynəlxalq münasibətlər müstəvisində artan siyasi və iqtisadi gərginlik şəraitində Azərbaycan Respublikası milli maraqlarına arxalanan müstəqil xarici siyasət kursunu uğurla davam etdirib".

 

Modern.az xəbər verir ki, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat buraxılışında bildirilir.

 

Qeyd olunub ki, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər fonunda daxili sabitlik və ardıcıl inkişaf tempini təmin etmək, dövlət idarəçiliyi sahəsində əsaslı islahatlar yeritmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və fəal iştirakçısı olduğu irimiqyaslı layihələri səmərəli şəkildə həyata keçirməklə ölkəmiz beynəlxalq səviyyədəki yüksək nüfuzunun daha da artmasına müvəffəq olub:

 

"2019-cu il Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlamətdar olmuşdur. Yüz il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil etmək məqsədilə təsis edilmiş Xarici İşlər Nazirliyi ona həvalə edilmiş mirasın qorunması və inkişaf etdirilməsi yolunda ötən bir əsirlik dövrdə səylərini əsirgəməyib. Diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev öz təbrik müraciətində vurğulamışdır: “Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var”.

Prezident cənab  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar sosial-iqtisadi sabitlik və inkişafı təmin etməklə yanaşı ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin artmasına münbit zəmin yaradıb. Dövlətimizin hərtərəfli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olan xarici siyasət fəaliyyəti çoxşaxəlilik, çeviklik, şəffaflıq, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yürüdülərək, Azərbaycanın etibarlı və davamlı tərəfdaş kimi beynəlxalq mövqeyinin güclənməsinə xidmət edib".

 

Buraxılışda bildirilirb ki, diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib:

 

"Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb.

Sıralarında 120 üzv ölkəni birləşdirən və BMT-dən sonra ən böyük siyasi platforma təşkil edən Qoşulmama Hərəkatının cari ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Zirvə görüşünün yekun sənədində dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulamış və heç bir üzv dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaqlarını təsdiq etmişlər. Zirvə görüşündə Qoşulmama Hərəkatına sədrlik 2019-cu ildən etibarən 3 il müddətinə Azərbaycan Respublikasına keçib".

 

XİN-in məlumatında deyilir ki, 2019-cu il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan müzakirələr çərçivəsində 21 fevral, 30 may və 17 oktyabr tarixlərində Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib:

 

"22 yanvar tarixində Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Ermənistanın Baş Naziri ilə görüşü baş tutmuşdur. 29 mart tarixində isə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş Naziri arasında görüş keçirilib.

Keçən il Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin iştirakı ilə 16 yanvar tarixində Parisdə, 15 aprel tarixində Moskvada, 20 iyun tarixində Vaşinqtonda, 23 sentyabr tarixində Nyu-Yorkda və 4 dekabr tarixində Bratislavada olmaqla, ümumilikdə beş görüş keçirilib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərləri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşlər keçiriblər.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalından əziyyət çəkən insanların, xüsusilə də məcburi köçkünlər, itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət cari ildə də davam etdirilmiş, müxtəlif qətnamə və tövsiyələrə məcburi köçkünlərin geri qayıtmaq hüququ, girovların dərhal azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair müddəaların salınmasına nail olunub.

Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərinə daxil olan xarici iqtisadi-ticarət əlaqələrinin inkişafı, ixrac potensialının artırılması, yeni sərmayə imkanlarının araşdırılması, Azərbaycan və xarici ölkələrin dövlət və işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və işçi qrupların iclaslarının keçirilməsi, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısının alınması, qlobal və regional beynəlxalq iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi əsas fəaliyyət istiqamətlərini təşkil edibdir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı