Əliyev Emin Fərail oğlu 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəddir.
O, 1980-ci ildə anadan olub. Ali təhsillidir. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə hərbi xidmətdə olub. Hazırda “ERS Group company” şirkətinin Baş direktorudur.
-Namizədliyinizi irəli sürdüyünüz 45saylı Abşeron seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin problemlərini bilirsinizmi?
-Bu dairəyə Xırdalan şəhəri, Masazır, Fatmayi, Gorədil, Mehdiabad, Məhəmmədli, Digah kəndləri daxildir ki, onların da demək olar hamısı oxşar problemlər yaşayırlar. Xırdalanın problemlərini hamısını sadalasaq uzun müddət tələb olunar. Xırdalanın bir şəhər olaraq infrastrukturunun dəyişdirilməsi üçün təkliflər irəli sürəcəyəm. Xırdalanda sakinlərin külli miqdarda xərc çəkib, mülkiyyət əldə etməsinə baxmayaraq, bunu sübut edən sənədlərinin olmaması problemini qaldırmaq niyyətindəyəm. Bu günkü Xırdalanın ən böyük problemi olan yol məsələsini irəli çıxaracam. Hazırda ikitərəfli yolların birtərəfli olması, Xırdalan üçün dairəvi yolun tikilməsi məsələsini müvafiq strukturlar qarşısında qaldıracam. Özüm də hər gün o yollardan istifadə edirəm. Bəzən olur ki, evimizə tıxaclara, dərə-təpə yollara düşmədən gəlmək üçün10 kilometrlərlə artıq yol qət edirik. Bu gün Abşeron, Xırdalan sosial mediada, internet məkanında satira hədəfinə, tənqid bazasına çevrilib. Bu tənqid şəxsən mənim üçün təhqirdir. Çünki mən orada doğulmuşam, orada yaşayıram. Abşeron Bakıya ən yaxın rayon olmasına baxmayaraq burada normal internet, işığı normal gücündə vermək infrastrukturu yoxdur. Kəndlər var ki, ora axşam saat 9-dan sonra ictimai nəqliyyat gəlmir.
Niyə seçicilər digər namizədlər arasında məhz sizə səs verməlidir?
-Mən, Xırdalanda doğulmuşam, Abşeron rayon sakiniyəm. Mən həmin seçicilərin problemlərini kənardan izləmirəm, mən həmin problemləri onlarla birlikdə yaşayıram. Mən özüm həmin problemlərlə hər gün rastlaşıram. Abşeron rayonunun sakini kimi, seçiləcəyim təqdirdə hamımızı birgə narahat edən problemləri səlahiyyətlərim çərçivəsində müvafiq orqanlara çatdırmaq, bu orqanlar qarşısında həmin problemləri aktuallaşdırmaq, hakimiyyət və xalq arasında intensiv münasibətlərin yaranması qarşıma qoyduğum məqsədlərdir. Deputat seçiləcəyim təqdirdə bü günə qədər olan hallardan fərqli olaraq, seçicilərlə mütəmadi görüşlər olacaq. Seçicilər arasında hər məhəllədə ağsaqqallar şurası yaradaraq, onlarla mütəmadi görüşlər təşkil etmək istəyirəm. Seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin bir sıra yerlərində deputata birbaşa məktub yazmaq üçün poçt qutularının təşkilini nəzərdə tutmuşam. Bu qutular birbaşa olaraq deputatın özünə çatması üçün istifadə olunacaq.
-Parlamentin buraxılması xəbəri sizdə bir Azərbaycan vətəndaşı olaraq hansı hissləri yaratdı?
-Bu xəbər məndə Azərbaycanın gələcəyinə açılan gözəl günlər təəssüratı yaratdı. Cənab Prezidentin son islahatları, fərmanları, struktur və kadr dəyişiklikləri Azərbaycan üçün yeni bir dövr yaratdı. Milli Məclis isə həmin dövrlə, dəyişikliklərlə ayaqlaşa bilməyəcəyini anlayaraq prezidentə parlamenti buraxmaq xahişi ilə müraciət etdi. Bu sevindirici haldır. Çünki bundan sonra Milli Məclisdə yeni fikir, yeni qan, yeni enerjinin gəlməsi, daha çox və aktiv işləyən başların toplanması gözlənilir. Amma qəribə bir hal yaşanır. Parlamentin buraxılmasını xahiş edən deputatlar yenidən öz namizədliklərini irəli sürüblər. Əgər siz orda oturmağı, gənclərə yer verməməyi belə istəyirdinizsə, niyə parlamentin buraxılması üçün prezidentə müraciət etmişdiniz? Demək olar ki, Milli Məclisin köhnə heyətinin 80% yenidən öz namizədliklərini irəli sürüb. Əgər yenidən köhnələr toplaşacaqsa, Milli Məclis niyə buraxılırdı ki? Yenidən toplaşmaq üçünmü parlamenti buraxırdınız? Seçkilərin keçirilməsi üçün dövlət büdcəsindən müəyyən vəsait ayrılır. Əgər yenidən siz özünüz deputat olmaq istəyirdinizsə, niyə dövlət büdcəsinə ziyan vuraraq parlamentin buraxılmasını xahiş etdiniz? Mən onlardan bu sualın cavabını istəyirəm. Məncə, bu artıq bəzilərinin vərdişinə çevrilib və mandatı gəzdirməkdən əl çəkə bilmirlər.
-Növbədənkənar seçkilər təyin olunduqdan sonra parlamentin gəncləşdirilməsi ilə bağlı söhbətlər aktuallaşdı. Sizin bu məsələyə münasibətiniz necədir?
- Əgər onlar ölkədə gedən bu islahatlarla ayaqlaşa bilsəydilər, parlamenti buraxmazdılar. Bir məsələni örnək kimi yada salmaq istərdim. Dünyada sevilən, hörmət edilən Məhəmməd Əli kimi boksçu var. O vaxtilə, “artıq əlcəkləri divardan, mismardan asmaq zamanı gəldi”, deyib, karyerasının bitdiyini elan etdi. O yenə də güclü idi. Amma güclü olaraq, öz yerini, statusunu gənc nəslə, ayaqlaşa bilməyəcəyi gənc nəslə verdi. Mən həmin kəslərə demək istəyirəm ki, Məhəmməd Əlidən örnək götürün. Mən 3-4 çağırış deputat olub, yenidən namizədliyini irəli sürən adamlara “artıq əlcəklərin divardan asmaq vaxtının çatdığı” mesajını verirəm. Əgər daxilinizdə iradəniz, həyata düzgün baxışınız varsa, kənara çəkilməyin zamanıdır.