99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd Tural Zeynalovu tanıyaq. Modern.az Tural Zeynalovun tanıtımını təqdim edir:
Deputatlığa namizəd Tural Zeynalov kimdir?
“Mən Zeynalov Tural Allahverdi oğlu. 1980-ci ildə Şəmkirdə doğulmuşam. 1987-ci ildə birinci sinfə getmişəm. 1997-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşam. Akademiyanı bitirdikdən sonra hərbi xidmətə yollanmışam. 2003-cü ildə Şəmkir rayonu Gənclər və İdman İdarəsinin nəzdində gənclər və uşaq məktəbində sərbəst güləş üzrə məşqçi-müəllim kimi çalışmışam. 2005-ci ildə Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsində çalışmışam. 2007-ci ildə rayonlardan göndərişlə göndərilən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma fakultəsinə daxil olmuşam. Dövlət və bələdiyyə idarəetmə ixtisasına yiyələmişəm. Sonra rayona qayıdıb işimi davam etdirmişəm.2015-ci ildə Şiştəpə kəndində icra nümayəndəsi vəzifəsində çalışmışam. 11 il dövlət qulluğunda rüşvət almadan çalışmışam. Hər zaman dövlətimin adını yüksəkliklərə qaldırmağa səy göstərmişəm.
Mənim haqqımda Şiştəpə kəndində soruşsaz, sizə hər şeyi deyə bilər”.
Niyə deputatlığa namizəd oldum?
“Cənab prezidentimizin son çıxışlarına qulaq asaraq bu qənaətə gəldim ki, gənc olaraq mən də deputatlığa namizədliyimi irəli sürüm. 99 saylı Şəmkir kənd seçki dairəsindən namizədliyimi verdim. Nəhayət namizədliyim qeydə alındı. Bu gün deputatlığa namizədəm.
İşlərimizi həvəslə davam etdiririk. Rayon camaatı ilə yerlərdə görüşlər keçiririk. İnsanlara öz missiyamız haqqında məlumat veririk.“
Tural Zeynalov şəmkirlilər üçün nə edib?
“Şəmkir Xeyriyyəçilər Birliyində bir təşkilat var. Bu təşkilatı biz yaratmışıq. 70 ailəyə hər ay 70 manat civarında yardım veririk. Olub ki, bəzi xəstələrimizi də müalicə elətdirmişik. 12-13 min manat civarında olan əməliyyatları pulsuz elətdirmişik. Olub ki, ata-anasız uşaqlara ev tikmişik və sairə. Hazırda hər ay 70 ailəyə stabil bazarlıq edirik.”
Tural Zeynalov deputat seçilərsə, şəmkirlilər üçün nələri edəcək?
“Parlament seçkilərinə qatılmaqda məqsədim məmur özbaşınalıqlarının qarşısını almaqdan ibarətdir. Əgər deputat seçilərəmsə, Şəmkiri daha yaxşı vəziyyətə gətirərəm. Bəzi sahibkarlarımız var ki, onlara problem yaranar deyə Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Deputat seçilsəm, həmin sahibkarları Azərbaycana gətirəcəm. O, sahibkarların bir neçəsi mənim dostlarımdır. Şəmkirdə sağlam mühit formalaşdırmaq istəyirəm. Kənd təsərrüfatı ilə bağlı suvarma sistemində müəyyən problemlər mövcuddur. Deputat seçilsəm bu problemlərin aradan qaldırılmasına yardımçı olmağa çalışacam.
Bir dövlətin ki, arxasında xalq dayanır, o hökumət heç zaman sarsılmaz. Bəzi məmurlarımız var ki, yaxşı işləmirlər. Deputat seçilsəm, o cür məmurlara qarşı hökumətimizin yanında olacağımıza söz verirəm.
Deputat seçilsəm, Milli Məclisdə qanunvericilik məsələsində aktiv olacam. İstəyirəm ki, şəmkirlilərin nə kimi problemləri varsa, onların hamısı həll olunsun".