2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri açıqlanıb.
SOCAR-dan Modern.az-a verilən məlumata görə, 2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox ( 1.924.675 ton) neft, 1,9 milyard kubmetrdən çox (1.916.495.848 kubmetr) qaz hasil olunub.
Ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın ( 8.753.339 ton) neft və 10,4 milyard kubmetrdən çox ( 10.398.786.449 kubmetr) qaz hasil edilmişdir. Qaz hasilatında artım ilin birinci rübündə davam etmişdir. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə ( 6.800 metr) yaxın qazma işləri həyata keçirilib.
Birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton ( 4.472.201 ton) xam neft, 512 milyon kubmetrə yaxın (511.549.014 kubmetr) təbii qaz ixrac edilib. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tona yaxın ( 6,888,903 ton) neft ixrac edilərək, tankerlərə yüklənib.
2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq (5.128.958.243 kubmetr) qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox (1.442.674 ton) neft, 1,1 milyard kubmetrdən çox (1.145.550.179 kubmetr) təbii qaz emal olunmuşdur. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona (668.581 ton) yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.