Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, 30 illik işğala son qoyan Azərbaycan Ordusunun bugünkü qüdrətinə görə, Ülu Öndər Heydər Əliyevin dövlətçilik təfəkkürü, siyasi uzaqgörənliyi, təşkilatçılıq qabiliyyəti və yorulmaz fəaliyyətinə, Prezident İlham Əliyevin iti zəkasına, strateji düşüncəsinə və qətiyyətinə, əsgər və zabidlərimizin misilsiz fədakarlıqlarına, Azərbaycan xalqının mübarizliyinə, birliyinə və inamına borcluyuq.
Bunu Modern.az saytına açıqlıamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat Azərbaycan Ordusunun dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, Silahlı Qüvvələrimizin yaranış gününü qalib kimi qeyd etdiyini və bunun hər bir Azərbaycan vətəndaşı üçün qürurverici olduğunu vurğulayıb: “Təbii ki, bu gün biz nəticəni görür və qürur hissi keçiririk. Amma bu nəticəyə doğru aparılan yolda uzun illərin yorulmaz fəaliyyəti,strateji baxış bucağı, məqsədə doğru addım-addım, səbrlə, inadla irəliləmək bacarığı dayanır. Ordunun gücü onun döyüş ruhu ilə yanaşı, həm də döyüş qabiliyyətində, arsenalında olan müasir hərbi texnikadadır. Belə bir ordunu isə yalnız iqtisadiyyatı güclü olan dövlətlər yarada bilər. Bu illər ərzində, Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanda canını Vətən uğrunda fəda etməyə hər an hazır olan bir nəsil yetişdi, ölkənin iqtisadi potensialı gündən-günə inkişaf etdirildi, maliyyə imkanları artırıldı, qüdrətli dövlət-qüdrətli ordu tandeminin yaradılması üçün lazım olan bütün addımlar atıldı, dövlətimizin beynəlxalq nüfuzu yüksəldildi və bütün bunlar Azərbaycan Ordusunu böyük Zəfərə doğru apardı, xalqımıza qələbə sevinci yaşatdı”.
Azər Kərimli Vətən müharibəsinin hər gününün tariximizə qızıl hərflərlə yazıldığını, Azərbaycan xalqının öz ordusuna inamını, sevgisini nümayiş etdirdiyini bildirib: “44 gün ərzində yaşadıqlarımız heç zaman unudulmayacaq və hər zaman bizim milli birliyimizi, mübarizə əzmimizi, qürurlu, mərd, fədakar bir xalqın ovladları olduğumuzu xatırladacaq. Vətən müharibəsi dövründə Azərbaycan hərbçilərinin nümayiş etdirdikləri yüksək peşəkarlıq, misilsiz fədakarlıq hər birimizi qürurlandırır və biz yaranışının 103-cü ildönümünü qalib kimi qeyd edən Ordumuzla fəxr edirik”.