Ölkəmizin iqtisadiyyatına xarici sərmayələrin cəlb olunması və qeyri neft sektorunun inkişafı baxımından Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması mühüm tarixi hadisə kimi dəyərləndirilməlidir . İqtisadi zonanın ərazisində layihələndirmə işlərinə start verilməsi və inşaat işlərinin başlaması onu göstərir ki, burada infrastrukturun qurulması üçün əsas zəruri addımlar atılmaqdadır. Zonanın yaradılmasında ən mühüm hədəf qabaqcıl idarəetmə praktikasına uyğun olaraq yüksək əlavə dəyərli və ixracat üçün nəzərdə tutulan yerli istehsalı təmin etməkdir.
Modern.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında bu günədək ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından atılan addımlar, milli iqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, investisiya mühitinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində olduqca vacib layihələrin icrası təmin olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması da bu baxımdan növbəti dönməz və məntiqi adddım kimi dəyərləndirilməlidir.
Ağalar Vəliyev söyləyib ki, Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması bu gün ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasını şərtləndirən vacib amillərdən biridir. Bu geniş miqyaslı layihənin icrası Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı dünyada etibarlı tərəfdaşlar da qazandıracaq. Eləcə də Cənubi Qafqaz regionunda lider dövlət kimi qazandığımız mövqeləri qüvvətləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində vaz keçilməz rolu olan dövlətimizin strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin, büdcəyə daxil olan vəsaitin artmasına və əlverişli sərmayə iqliminə şərait yaradacaq.
Azərbaycanın ən böyük qeyri-neft sektoru layihəsi olan Ələt Azad İqtisadi Zonası ideyasının çoxdan müzakirə olunduğunu, layihə ilə bağlı beynəlxalq təcrübənin dərindən öyrənildiyini diqqətə çatdıran deputat bu layihənin yeni texnologiyaların, innovasiyaların ölkəmizə gətirilməsi və yeni iş yerlərinin yaradlması baxımından cəlb edici olduğunu söyləyib. Təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev deyib:
"Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir".
Milli Məclisin üzvü onu da vurğulayıb ki, dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. Çünki, ölkə başçımızın da söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, ən vacib infrastruktur layihələr icra olunub. İqtisadi Zonanın tikintisi davam etdirildiyi dövrdə ölkələr arası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə, toplantılarda bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar. Ələt Azad İqtisadi Zonası layihəsinin uğurla başa çatdırılması vətəndaşlarımızın da yeni iş yerləri ilə təmin olunmasında və yaşayış səviyyələrinin yüksəlməsində vacib rol oynayacaq.