Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsulu Sovet İttifaqı Qəhrəmanın ailəsinə baş çəkib.
Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsulu Əfqan Salmanov Birinci Qarabağ savaşında həlak olmuş ukraynalı Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın anasını ziyarət edərək onu ad günü münasibətilə təbrik eləyib, hədiyyə təqdim edib. Bu il iyunun son günündə 75 yaşı tamam olan Nadejda İvanovna Babakı səmim qəlbdən təbrik edən Fəxri konsul bu mətin Anaya, gözəl qadına dövlətimiz və millətimiz adından ən xoş arzularını çatdırıb və sağlam ömür arzulayıb.
Nadeyda İvanovna və Yakov Andreyeviçin yeganə övladı olan – Oleq Yakovleviç Babak Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş sonuncu və İkinci Dünya müharibəsindən sonra bu ad verilmiş Daxili Qoşunların yeganə döyüşçüsü idi.
....1991-ci il aprelin 7-si Qubadlı rayonunun Yuxarı Cibikli kəndində Azərbaycan və Ermənistan sərhədində yerləşən zastavada xidmət aparan Oleq Babak üçun adi günlərdən biri idi. Bu ərazidən Gorus-Qafan avtomobil yolu keçirdi. Xəbər gəlir ki, erməni yaraqlıları iriçaplı silahlardan və avtomatlardan istifadə etməklə, Azərbaycan kəndlərinə hücuma keçiblər, kənd sakinlərini, dinc əhalini mühasirəyə alıb qirmaq istəyirlər. 24 yaşlı gənc zabit – leytenant Babak ermənilərlə qeyri-bərabər döyüşə atılır, müdafiəsiz qalmış kənd camaatını qorumaq üçün ermənilərin qarşısını almaqa çalışır, lakin buna müyəssər ola bilmir. Qüvvələr qeyri-bərabər idi: Ermənistan tərəfindən üstünlük on dəfələrlə artmışdı. Müqəddəs Pasxa günündə qan tökülməsinin xristianlığa, mənəviyyata, insanlığa zidd olduğunu gözəl bilən Oleq hərbi və insani borcunu sona qədər yerinə yetirir – erməni quldurlarının dinc əhaliyə divan tutmasına icazə vermədi....
O, öz həyatı bahasına müdafiəsiz insanları və yoldaşlarını xilas etdi. Hərbi vəzifəsinin yerinə yetirilməsində göstərdiyi igidliyə və fədakarlığa görə SSRİ prezidentinin 17 sentyabr 1991-ci il tarixli fərmani ilə leytenant Oleq Yakovleviç Babaka ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilib.
Azərbaycan Respublikasının Xarkov şəhərində Fəxri konsulu Əfqan Salmanov Oleq Babakın ailəsinə baş çəkdiyi zaman Oleqin valideynlərinin çoxillik dostu olan, Poltavada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri olmuş, hazırda Azərbaycanda qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi işi ilə məşğul olan tanınmış filoloq, tərcüməçi, Bakı Slavyan Universitetinin müəllimi Yaşar Alxasova zəng edib. Yaşar müəllim Nadejda İvanovna Babakı Doğum günü münasibətilə təbrik edib, gördüyü işlərin gedişi barədə qəhrəmanın anasına və Fəxri konsula məlumat verib.
Aytəkin Alxaslı