“Təəssüflər olsun ki, bizim vətəndaşlar meşələrə oduncaq mənbəyi kimi baxır”.
Modern.az Oxu.az-a istinadən məlumat verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.
Onun sözlərinə görə, bu düzgün yanaşma deyil:
“Alternativ enerji mənbəyi fikirləşməliyik. Ekoloji cəhətdən təmiz, yeni yanacaq növü olan sıxılmış yanacaq briketləri adi odundan fərqli olaraq daha çox yanma müddətinə malikdir. Onların kəskin qoxusu yoxdur, toz, tüstü və kül yaratmır.
Yanacaq briketləri yüksək təzyiq altında sıxılmış quru ağac qırıntıları, daş toz, yonqar, torf, qabıq, saman və digər kənd təsərrüfatı tullantılardan ibarət olan kiçik bloklardır. Onun hazırlanmasında yalnız təbii xammaldan istifadə olunması başlıca xüsusiyyətidir”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda qəsəbə və kəndlərin 96 faizi qazla təmin olunub:
“2014-2020-ci ilə kimi Azərbaycanda 1 300 yaşayış məntəqəsi qazla təmin edilib. Əfsuslar olsun ki, ölkəmizdə kifayət qədər qazlaşdırılmayan kəndlər də var. 90 min fərdi evdə qaz yoxdur. Təxminən 400-ə yaxın kəndin meşə ilə sərhədinin olması yaşıllıqlara təzyiqi artırır”.