9 iyul 2021-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Kollegiyasının 2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib.
Komitədən Modern.az-a verilən məlumata görə, sədr Bahar Muradova Vətən müharibəsindən sonra Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilən nailiyyətlərə diqqət çəkib. B.Muradova bildirib ki, bu uğurlar Prezident İlham Əliyevin tapşırığı və bilavasitə rəhbərliyi ilə əldə edilib. Bu gün uğurla aparılan sosial-iqtisadi siyasətin öz nəticələrini daha parlaq bir formada ortaya qoymaqda olduğu vurğulanıb.
Son aylarda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi, siyasi və hərbi-siyasi layihələrdən bəhs edən Sədr bu uğurların postmüharibə dövründəki fəaliyyətimizin daha geniş sferaları əhatə etməsinə töhfə verdiyini vurğulayıb. Xüsusilə də, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında cənab Prezidentin Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının əhəmiyyətindən danışan Sədr, bunun işğaldan azad olunan ərazilərin inkişafı və buraya qayıdacaq insanların hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində atılacaq addımlara bir işarə olduğunu qeyd edib: “Biz fəaliyyətimizin hər bir sahəsində mövcud aspektləri nəzərdə tutmalı, regional fəaliyyətimizə yenidən baxmalı və bu regionlarda qurulacaq fəaliyyət istiqamətində bir sıra mühüm addımlar atmalıyıq”.
Həmçinin regionlarda yaşayan əhalinin sosial-iqtisadi inkişafını xüsusi vurğulayan B.Muradova Dövlət Komitəsi tərəfindən belə ailələrin, o cümlədən, qadınların iqtisadi fəaliyyətinin gücləndirilməsi layihələrinin həyata keçirildiyini əlavə edib.
Digər dövlət orqanları kimi Dövlət Komitəsinin də öz növbəsində COVİD-19 pandemiyasının qarşımıza qoyduğu yeni tələblərə uyğun olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışdığı diqqətə çatdırılıb. Qeyd edilib ki, 2021-ci ilin birinci yarısı üçün təsdiq edilmiş Tədbirlər Planının bütün istiqamətləri üzrə geniş fəaliyyət göstərilib, müharibədən sonrakı dövrdə zərərçəkmiş ailələrlə, həssas qrupa daxil olan insanlarla iş aparılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və ya sağlamlığını itirmiş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqların sağlamlığının qorunması, eyni zamanda, qadın sahibkarlara hərtərəfli dövlət dəstəyinin verilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Həmçinin sahibkarlığın təşviq edilməsi üçün qeyri-hökumət təşkilatları ilə birlikdə artıq ənənə halını almış bir sıra layihələr həyata keçirilir.