“Hürriyyət” qəzetinin keçmiş təsisçisi, vəkil Qurban Məmmədov millət vəkili Fazil Mustafanın məlum yazısı ilə bağlı jurnalist Eynulla Fətullayevlə Şahvələd Çobanoğlunun bir-birilərinə qarşı ittihamlarına münasibətini açıqlayıb.
Q.Məmmədov yazılarda vaxtilə təsisçisi olduğu "Hürriyyət"in adının hallandığı üçün məsələyə münasibət bildirməyi özünə borc bildiyini vurğulayıb.
Modern.az bildirir ki, Q.Məmmədov Fazil Mustafanın Ş.Çobanoğlunu baş redaktorluqdan qovulması barədə iddiasını təkzib edib.
“Onlar arasında yaranmış bu münasibətin yaranma səbəbləri mənə məlum deyil. Şahvələd bəy "Hürriyyət"dən qovulmayıb. Onun etimad etdiyi bir şəxsin qəzetimizə qarşı qanunsuz hərəkətindən sonra istefa verib. Mən qalması barədə çox xahiş etsəm də o, mənəvi məsuliyyət daşıdığını bildirib istefa etdi. Bu onun böyüklüyü idi”-deyə Q.Məmmədov vurğulayıb.
O, qeyd edib ki, bir redaktor və insan kimi Şahvələd Çobanoğludan həmişə razı qalıb və qiymətləndirib.
Daha sonra vəkil bildirib ki, 2005-ci il parlament seçkilərində Eynulla Fətullayev rəhbərlik etdiyi qəzetində Hüseyn Abdullayevi müdafiə məqsədilə onun əleyhinə yazı yazıb.
“Mənim əleyhimə yazı yazanda mən onu məhkəməyə vermək istədim. Şahvələd bəyin xahişi ilə fikrimdən vaz keçdim. Bunun bilinməsini istərdim”.
Q. Məmmədov bu qalmaqaldan təəsüfləndiyini yazıb.