Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər 6 aylıq fasilədən sonra Facebook sosial şəbəkəsinə qayıdıb.
Modern.az-ın məlumatına görə, İsa Qəmbər sosial şəbəkədə 6 ay görünməməsini profilinin oğurlanması ilə əlaqələndirib.
“Keçən il iyulun sonlarında Facebook profilim oğurlandı. Onun bərpası üçün uzun müddət Facebook-un rəsmi nümayəndələrilə yazışmalı oldum. Bəzi dostlar da bu məsələdə mənə kömək edirdilər. Bu proses 6 aydan çox çəkdi və mən nəhayət bu günlərdə profilimi geri qaytarmağa nail oldum”.
İsa Qəmbərin sözlərinə görə, Facebook profilini oğurlayan adam ilk vaxtlar onu ərəb adı ilə işlədib və ərəb dilində paylaşımlar edib.
“Yəni səhifənin dilini də dəyişmişdi. İlk vaxtlar fikirləşirdim ki, bəlkə hansısa beynəlxalq haker qruplarının üzvlərindən biri mənim profilimi təsadüfən ələ keçirib. Çünki onlar bank hesabları, hansısa sənədlər ələ keçirmək və digər məqsədlərlə belə addımlar atırlar. Amma profilim geri qaytarılandan sonra baxıram ki, mənim axırıncı 7-8 ildə yazdığım ictimai-siyasi məzmunlu bütün statuslarım, qeydlərim, şərh və paylaşımlarım silinib. Bu isə məndə şübhələr yaradır ki, profilimi oğurlayanlar hansısa xarici hakerlər olmayıb, bunu Azərbaycandan ediblər”.
İ.Qəmbər hakimiyyət nümayəndələrindən şübhələndiyini də qeyd edib.
O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şəxsən müraciət etmədiyini bildirib.