İmişlinin həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev namaza başlayıb. Ötən gün mediada yayılan xəbərə görə, külli miqdarda dövlət əmlakını ələ keçirməkdə təqsirləndirilən sabiq icra başçısı Allah qatında günahlarını yumaq üçün ibadətə keçib. O, məhbus yoldaşlarına hər zaman İslam dininə bağlı olduğunu, lakin vəzifədə olarkən işlərin çoxluğundan ibadətə vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlılığını sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də söyləyib.
Vilyam Hacıyevlə bağlı bu xəbər gözlənildiyi kimi birmənalı qarşılanmayıb. Onun törətdiyi əməllərin heç bir dinə, ibadətə sığmadığı, günahlarının bağışlanmaz olduğu deyilir.
Bu barədə Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, İslam dininin əsas məqsədi insanları islah etməkdir. Allah Qurani-Kərimdə buyurur ki, namaz sizi çirkin əməllərdən, günahdan çəkindirir.
O hesab edir ki, əslində namazı cinayətkarlar, Vilyam Hacıyev kimi təqsirli şəxslər qılmalı, oruc tutmalı və tövbə etməlidirlər.
“Bütün səmavi dinlərin bu cür islahedici funksiyası elə onların cəmiyyətdəki önəmini göstərir. Həbsxanaya düşmüş şəxslərin orda namaz qılıb, oruc tutması təbii ki, normal haldır. Bu şəxslərin günahlarından peşman olması, səmimi şəkildə namaz qılması əslində doğru addımdır. Onsuz da dinimizin məqsədi namaz və orucla insanı islah edib, cəmiyyət üçün yararlı hala gətirmək və Allahın sevimli qullarından birinə çevirməkdir”.
S.Cəlaloğlu vurğulayıb ki, ən böyük günahı olan şəxslər də Allah tərəfindən bağışlana bilər:
“Allah günahları bağışlayandır. Ən böyük cinayətləri törədmiş şəxslər də Allahın onları bağışlayacağına ümid edə bilərlər. Quranda Allah yalnız ona qarşı küfr edəni, yəni Qurani-Kərimi inkar edən, peyğəmbəri inkar edənləri bağışlamır. Yerdə qalan günahlar bağışlanandır. Bunun üçün insandan səmimi tövbə tələb olunur”.
Turqay Musayev