Müasir dünyada dövlət idarəçiliyində effektivliyin artırılması hər bir siyasi təsisatın və dövlətin qarşısında dayanan prioritet istiqamət kimi müəyyənləşdirilib. Dövlətin, dövlət məmurlarının və dövlət qulluqçularının funksiyalarının effektivliyinin cari dünya miqyasında yenidən qiymətləndirilməsi iki əsas mənbədən irəli gəlir: biri qloballaşma və onun sürətlə dəyişən beynəlxalq iqtisadi, sosial, siyasi və texnoloji tendensiyalara uyğunlaşmaq və reaksiya vermək üçün hökumətlərin etməli olduqları təsirlərdirsə, digəri isə bir çox ölkələrdə vətəndaşlar arasında hökumətin funksiyalarından və dövlət idarələrinin təqdim etdiyi xidmətlərdən razılığıdır.
“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən cənab Prezident İlham Əliyev atdığı hər bir addımda Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuşdu. Bu istiqamətdə isə ən başlıca maneə işğal altında olan torpaqlarımız, öz yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın yerləşdirilməsi idi. Bir tərəfdən dünyanın aparıcı aktorlarının bizə “Qarabağ münaqişəsinin hərbi yolla həll variantı mövcud deyil” kimi fikri beynimizə yeritməyə çalışmasını, digər tərəfdən isə bu problemin həllində əməli addım və səylərin ortaya qoyulmaması reallığını aydın dərk edən cənab Prezident son illərdə daha dərin islahatlarla Azərbaycanı güclü, sözünü deyə bilən bir dövlət kimi formalaşdırmaq işini yekunlaşdırmaq istiqamətində addımlar atırdı. Bu baxımdan da heç şübhəsiz ki, 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılması bu ali amala gedən yolda mühüm bir iş idi. Dövlət başçımızın 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti təyinatından ötən 5 il ərzində Azərbaycan xalqını, dünya azərbaycanlılarını və həyata keçirdiyi bəşəri missiya ilə bütün insanlığa verdiyi əvəzsiz töhfələrlə səsləşir.

Vətən müharibəsi başa çatdıqdan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşməsi, Mehriban xanım Əliyevanın fəaliyyətində Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərin hər zaman xüsusi yer tutması, məhz Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və nəzarəti altında ölkəmizə onlar üçün müasir protezlərin gətirilməsi Mehriban xanım Əliyevanın öz fəaliyyətində humanizm prinsiplərini hər zaman prioritet tutmasının əyani təzahür formasıdır. Vətən müharibəsinin gedişində Mehriban xanım Əliyevanın xalqa hər səmimi müraciəti, döyüş meydanında vuruşan hər bir Azərbaycan oğlunu öz balası hesab edərək, bütün şəhid analarına, bacılarına, övladlarına qucaq açması bu xanımın insan kimi ən ali dəyərlərə malik olmasından xəbər verir. Məhz bu səbəbdəndir ki, Birinci vitse-prezidentlik institutu vətəndaşların dövlət idarələrinin təqdim etdiyi xidmətlərdən razılığının təmin olunması baxımından Azərbaycanda digər dövlət qurumları üçün bir nümunədir. Heydər Əliyev Fondunun müharibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə göstərdiyi qayğı, şəhid övladlarının işlə təminatı məsələlərinə həssas yanaşması, ən çətin və müşkül məsələlərdə son deyil, birinci ümid yeri kimi məhz Mehriban xanım Əliyevaya üz tutması xalq arasında qazanılmış nüfuzdan, ən önəmlisi isə inam və etibardan xəbər verir. Məhz bu mənəvi dəstək, hər bir halda və şəraitdə vətəndaşın yanında dayanmaq amili dövlətin suverenliyinin, müstəqilliyinin daha da möhkəmləndirilməsinə verilən ən mühüm töhfədir. Vətəndaşa göstərilən bu qayğı onu dövlətdən, dövlətin siyasi təsisatlarından məmnun salır ki, bu da bizim daha güclü əsaslarla birliyimizi, həmrəyliyimizi təmin edir, daha sağlam addımlarla gələcəyə olan inamımızı artırır.
Arzu Nağıyev
Milli Məclisin deputatı