11 yanvar 2013-cü il tarixində Modern.az saytında yayınlanmış «Azərbaycanda fəaliyyətinə qadağa qoyulmuş 5 alim» adlı yazıda İnam Atanın (Asif Atanın) haqqında da bilgi verilib. Ata mövzusuna saytın ləyaqətli yanaşmasını dəyərləndirir, həm də dəqiqləşdirmək üçün bir neçə məqamı oxucuların diqqətinə çatdırmağı gərəkli sayıram.
1970-ci illərindən əsrin sonuna kimi Azərbaycan ictimai çevrəsində məşhur olan Asif Əfəndiyevi çoxsaylı tərəfdarları hələ 1978-ci ilin noyabrından «Asif Ata»-deyə çağırıblar.
1975-ci ildə Atanın indiki Bakı Dövlət Universitetində yaratdığı «Etik və Estetik Tərbiyə Klubu»nun fəaliyyətinə 1978-ci ildə qadağa qoyulduqdan sonra tədbirlər «Bilik» cəmiyyətinə davam etdirilib. Universitetdə olduğu kimi, o tədbirlərə bölgələrdən də gəlirmişlər, zal ürəyi Azərbaycan təşnəli adamlarla dolub-daşırmış.
İnam Atanı (Asif Atanı) çağdaşlarından fərqləndirən onun özünəməxsusluğu – zamana sığmazlığı, açıq döyüşkənliyi, ideyalarının bənzərsizliyi idi. Onun böyük bir sistemə qarşı mübarizəsinin tarixi 1959-cu ildə yazdığı “Tənqid və zaman” məqaləsindən sonra başlayır. Həmin məqalədə Sovet tənqidinin gərəksizliyi açıq-aydın göstərilir, bununla da Ata həmin ildən Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətinə götürülür.
Bu təqiblər 1982-ci ildə özünün son həddinə çatır. İnam Ataya qarşı irəli sürülən ittihamlar olduqca dəhşətli idi: antimarksist, antikommunist, pantürkist, klerikalist, hətta faşist. Ata deyirdi ki, o dövrdə bu ittihamların biri bəs idi ki, adamı ilim-ilim itirsinlər. Əqidə yolunda İnam Atanın ailəsi dağıdılır, evsiz-eşiksiz qalır, uzun sürən sorğu-suallar, dindirmələr, basqılar, haqqında yayılan yalan şayiələr, böhtanlar onu yolundan bir an da olsun ayıra bilmir.
İnam Atanın ən böyük işlərindən biri onun yurdumuzun müstəqilliyi uğrunda mübarizəsi idi. Ocağın 6 ideyasından biri “Müstəqil Vətən”dir. Vaxtilə onu DTK-da dindirəndə özümüzünkülər deyirdilər: ”Axı bu nə xalqdır ki, onun yolunda özünü öldürürsən?” 1980-ci illərin sonlarında azadlıq, müstəqillik uğrunda meydanlara çıxanların çoxu vaxtilə onun çıxışlarını dinlənmiş insanlar idi.
Bu ağır illərdə Atanın yanında Ocağımızın hazırkı Ruhani Başçısı Safruh və bir neçə başqa ardıcılları var idi. Safruh Ocağın gizli fəaliyyət dönəmini (1975-1990-cı illər) günbəgün yazaraq tarixləşdirib, iki kitabda –«Başlanğıc» və «Ata Səcdəsində» çap etdirib.
Diqqəti bir məsələyə çəkmək istərdim: İnam Ata elm hadisəsi deyil. O, tamamilə müstəqil, bənzərsiz Mütləqə İnam dünyabaxışının, İnamının, fəlsəfəsinin yaradıcısıdır. O, bəşərin ən böyük, çağdaş ruhaniyyatçısıdır, insanlıq carçısıdır. Yaratdığı təlimin dünyanın dəyişilməsinə, gələcək gedişatına təsir edə, yön verə biləcəyi düşüncəsindəyik. Bu, ulusumuzun qürur qaynağıdır.
Atanın ömrü dissidentlik sınırlarına da sığmır. Elə bir çətin çağda Atanın təlim yaratması, milyonların sevimlisinə çevrilməsi, kitablar yazması gerçəkdən möcüzə idi.
İnam Ata «Alimlik-Filosofluq-Peyğəmbərlik» anlayışlarını belə dəyərləndirir: «Elm – adi şüurla bəsit şüur arasındadır; Fəlsəfə – ali şüura meyillidir; İnam – Ali şüur əməlinin təsdiqi, ömürləşməsi, aqibətləşməsi, müqəddəsləşməsidir».
Müəyyən dönəmdən sonra Ata təliminin elmiliyi, fəlsəfiliyi də öyrəniləcək. Artıq bu araşdırmalar başlanılıb. Azərbaycanda və odan qıraqda Ata irsi böyük maraqla izlənilməkdə, araşdırılmaqdadır. Mütləqə İnam – İnamlı Fəlsəfə, Fəlsəfəli İnamdır – cəfəngiyyatdan uzaq. Onda ruhaniyyat, elm, fəlsəfə bir aradadır.
Bu gün Azərbaycanda İnam Atanın adı, ömrü, əqidəsi – Mütləqə İnam dünyabaxışı ciddi şəkildə ömürləşməkdədir. Bu, gələcəyimizin təməli, inam qaynağıdır.