Son zamanlar ölkəmizdə qadın və uşaq qətlləri artıb. Şəxsin həyat yoldaşı və övladlarını öldürməsi, məktəb direktorunun ana və övladını qətlə yetirməsi, son olaraq kürəkənin baldızı və övladlarının canına qəsd etməsi xəbəri buna əyani misallardır.
Bu barədə Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, artan qadın və uşaq qətllərinin qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik olmalıdır:
“Qadın qətilləri ilə bağlı ictimaiyyətin narahatlığı haqlıdır. Zorakılıq qurbanlarının təhlükəsizliyi ən ümdə məsələ olmalıdır.
Qanunvercilik orqanları Qanunun təkmilləşməsini ilk müzakirə mövzusu kimi gündəmə gətirməldir. Sizə hansı hadisə təsir etməldir ki, qanuna baxasınız?! Artıq qadınlarla yanaşı uşaqlar da qətl olunur və xəsarət alır.
İndi son hadisə üçün demirəm, ancaq hər dəfə polisin adı daha çox hallanır. İndi hamı polisi tənqid edir, qınayır. Amma qanunda polisin vəzifələri və onun icra mexanizmi göstərilmir. Polisin qanunda adı əməlli-başlı çəkilmir. Polisin səlahiyyəti müəyyən olunmayıb. Ailə münaqişəsi zamanı hansı halda tuta bilər, hansı halda qandallaya bilər, hansı halda xəbərdarlıq edə bilər, bax, bunlarla bağlı heç bir tədbirlər yoxdur. Yaxşı olardı ki, bütün polis orqanlarında sığınacaqlar, mərkəzlərlə bağlı hansısa elan yapışdırılsın, yaxud əllərinin altında bu məlumatlar olsun. “102 xidməti” şikayətləri heç olmasa mərkəzlərə yönləndirsin. Doğrudan da, təhlükə var, yoxsa yox anlaşılsın”.

Hüquq müdafiəçisinin sözlərinə görə, cəza tədbirləri ancaq ölümlə bağlı olur:
“Hətta, müəyyən xəsarət alan adamlar da cəza tədbirləri ilə bağlı heçbir şey edə bilmirlər, kifayət qədər sübutlar olmur. Yaxud deyirlər ki, orada kifayət qədər sübut olunacaq məqamlar yoxdur. Axı, bu adam ölümlə təhdid edilir. Bu adam deyir ki, öldürəcəm. Bax, bu öldürəcəm sözünü heç kim nəzərə almır. Hadisə baş verəndən sonra hansısa tədbirlər görülür. Onu demək istəyirəm ki, bu prosedur qaydalara polislərmi, prokurorluqmu, mərkəzlərmi nəzarət etməlidir? Qanun proflaktik bir qanundur. Qanunda hərəkətverici heç nə yoxdur. Məişət zorakılığı haqqında qanunu qəbul ediblər, amma onun hərəkətverici heç bir mexanizmi yoxdur. Sonuncu milli fəaliyyət qanunu qəbul etdilər, o da elə bir deklorativ bir sənəddir, vəssalam!”
Turqay Musayev