Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson iki ölkə arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək üçün Bakıda səfərdədir.
Bu barədə Modern.az-a Böyük Britaniya səfirliyindən məlumat verilib.
Baronessa Nikolson Böyük Britaniya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etmək və iki ölkə arasında ticarət əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlər çərçivəsində Azərbaycana üç günlük səfərə gəlib. Bu, Baronessa Nikolsonun Azərbaycana 9-cu səfəridir.
Martın 9-dan etibarən başlayan səfərin əsas diqqəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında gələcək kommersiya imkanlarının araşdırılmasına, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdə Böyük Britaniyanın potensialının təşviqinə yönəldiləcək.
Səfər martın 11-də ikitərəfli münasibətlərin 30 illik yubileyini qeyd etmək məqsədilə britaniyalı memar Zaha Hadidin Bakıda layihələşdirdiyi dünyaca məşhur Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli mərasimlə başa çatacaq.