Hər bir xalq yaşadığı ərazinin ona məxsusluğunu təkcə özünün ordakı varlığı ilə təsdiqləmir. Həm də əyani nişanələri – yaşayış tikililəri, inzibati binaları, habelə abidələri, qeyri-maddi mədəni nümunələri ilə bunu isbatlayır. Qarabağın əzəli Azərbaycan ərazisi olmasını təsdiqləyən qeyri-maddi nəsnələrsə yetərincə çoxdur. Onların bəzisi milli düşüncəmizdə müəyyən assosiasiyalar doğurur. Məsələn, muğam kimi. Milli musiqinin bu qədim, həm də mühüm, demək olar ki, məhək daşı olan hissəsindən danışarkən göz önünə konkret ərazi gəlir – Qarabağ. Bu sayaq assosiasiyalar Azərbaycan düşüncəsində çox azdır, bəlkə də yeganədir. Amma Azərbaycan həqiqətlərinin dünyada isbatlanması baxımından çox önəmli və təsirli vasitədir.
Heydər Əliyev Fondu da bu məsələlərə çox həssaslıqla yanaşır. Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-da xoşməramlı səfiri, Milli Məclis üzvü Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı 2003-cü ildə YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin “Şah Əsərləri” Siyahısına daxil edilib. Bununla bərabər, xatırladaq ki, 2005-ci ildə Azərbaycanda Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyinə həsr edilmiş birinci muğam müsabiqəsi keçirilib. Muğam sənətinin ən mahir bilicilərindən ibarət münsiflər heyəti bütün bölgələrdən 500-ə yaxın gənc ifaçı dinlədi və onlardan 20 iştirakçı seçdi. Finala çıxmış gənc istedadlara diplomlar və mükafatlar təqdim edildi. Fond öz ənənələrinə sadiq qalaraq 2007-ci ildə növbəti muğam müsabiqəsini keçirdi. Müsabiqənin gedişi boyu, bütün Azərbaycan muğamları – “Rast”, “Şur”, “Segah”, “Çahargah” və s., zərbi muğamlar –“Heyratı”, “Arazbarı”, “Səmayi-şəms”, təsniflər, xalq mahnıları səsləndi. Həmin müsabiqə sadəcə ifaçıların yarışması deyildi, bu konkret assosiasiya ilə, timsalla, yəni muğamla onun inkişafının zirvəyə çatdığı tarixi ərazini – Qarabağı anmaq, onun Azərbaycana məxsusluğunu isbatlamaq səyi idi. 2006-cı ilin oktyabrında YUNESKO-nun 60 illiyi münasibəti ilə Parisdə, YUNESKO-nun qərargahında, Azərbaycan mədəniyyəti günləri keçirilərkən Azərbaycan muğamının Qarabağla sıx bağlılığı artıq əcnəbi iştirakçılarda şübhələrə yer saxlamamışdı.
2005-ci ildə Heydər Əliyev Fondu “Azərbaycan muğamı” layihəsi çərçivəsində“Qarabağ xanəndələri” musiqi albomunu nəfis şəkildə nəşr etdirib. 12 diskdən ibarət və 24 sənətkarın ifasında səslənən muğam parçaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə dinləyicilərdə əyani təsəvvür yaradır. Albomda Şərqin bənzərsiz muğam ustaları – Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin ifaları daxildir. Bu adların hər biri Qarabağla bağlıdır. Təsadüfi deyil ki, kitabın ilk səhifəsindəki “Qarabağ muğam məktəbi” başlıqlı yazıda layihənin müəllifi və rəhbəri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qeyd edir ki, muğam bütün ölkədə yayılsa da, onun əsas ocaqları özlərinin müstəqil məktəblərini yaratmış əsas muğam yaradıcılığı mərkəzləri kimi Bakı, Şamaxı, Gəncə, Naxçıvan və Şuşa sayılır. Qarabağ muğam məktəbindən bəhs edən müəllif qeyd edir ki, bu məktəbin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətin inkişaf etdirməklə, öz həmvətənlərinin ağıllarına, hiss və duyğular aləminə nəcib təsir göstəriblər.
Yeri gəlmişkən, albomun təqdimat mərasimi 2005-ci ildə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında olub.
Beynəlxalq Muğam Mərkəzinin yaradılması da Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində mühüm layihələrdən biridir. Bundan başqa, 2006-cı ildə Səfiyəddin Urməvinin “Kitabül-Ədvar” və “Şərəfiyyə risaləsi” və Fətullah Şirvanın “Musiqi məcəlləsi” kitablarını və disklərini hazırlanıb.
Silsilə toplu “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri” siyasi yönlüdür və hazırda bu nəşrləri bütün dünyanı dolaşır.
“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası da bu əhatəli işin bir hissəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya dünyanın 35-dən çox ölkəsində uğurla həyata keçirilir. 51 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı dəhşətlərini soyqırımı aktı kimi tanımışdır. Oxşar qərarlar bir neçə ölkə parlamentində də qəbul edilib. Bundan başqa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitab işıq üzü görüb.
“Xocalı soyqırımı münaqişənin tarixində ən dəhşətli faciə kimi qalacaq” və “Xocalıda törədilmiş cinayətin icraçıları və sifarişçilərinin indiyə qədər layiqli cəza almaması dəhşətli haqsızlıqdır” – deyən L. Əliyevanın təşəbbüsü ilə ötən il keçirilmiş “Sonu olmayan dəhliz” adlı sənədli filmin siqnal variantının təqdimat mərasimini də unutmamaq gərəkdir. “Qafqazda sülh” beynəlxalq layihəsi çərçivəsində Avropa kinematoqrafçılarının birgə istehsalı olan “Sonu olmayan dəhliz” adlı sənədli filmi “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində keçirilmiş və Xocalı faciəsinin 20 illiyinə həsr olunmuşdu.
Böyük Britaniya, Litva, Estoniya və Finlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi film 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən bəhs edir. Böyük məharət və zəhmət hesabına ekranlaşdırılan filmdə Xocalı dəhşətləri bir daha tarixi faktlarla öz əksini tapmışdır. Faciə zamanı əsir düşmüş xocalılı musiqi müəllimi, rusiyalı hərbi fotomüxbir, ailəsinin əksər üzvlərini Xocalı qırğınında itirmiş və əsir düşmüş qadın, 1992-ci ilin fevralında öz taleyində dönüş yaratmış litvalı jurnalist Riçardas Lopaytisin faciədən 20 il sonra başladığı müstəqil jurnalist araşdırmasının iştirakçıları olublar. Filmdə müxtəlif insan taleləri ilə bərabər, SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə dair şahidlərin xatirələri də öz əksini tapıb.
Tədbirdə filmin əsasını təşkil edən müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lopaytisin bir qeydi var: “Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin”.
Biz, azərbaycanlılar da bunu çox istərdik. Bəlkə öz siyasi liderlərinin qana bulaşmış əllərindən, törətdikləri cinayətlərdən bixəbər olan erməni xalqı həqiqət və acı gerçəklə üz-üzə gəldikdə, onları azərbaycanlılardan deyil, üçüncü bir tərəfdən eşitdikdə nəhayət, yalanla dolu və sonu heçliklə bitən yoldan dönüb siyasi-tarixi ədalət cığırına çıxacaq.
Elə Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri də budur. Mədəniyyətimizi təbliğ edir. Azərbaycan mədəniyyətini, musiqisini, muğamını sevən əcnəbi isə təbii ki, bu mədəniyyəti, bu musiqini və bu muğamı qana bələyən erməni başbilənlərinə sevgi izhar etməyəcək. Ən azı insanlıq naminə etməyəcək. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyərini dünya çapına çıxarmaqla bütün bəşəriyyətin insanlıq prinsipləri ilə yaşamasının tərəfdarı olduğunu göstərir. İşğal altında olan Azərbaycan toropaqlarını bu yolla azad etmək istəyir.
Pərvin ARZUQIZI