Məmurun hərəkəti hansı səbəbdən olursa-olsun həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Qınayanlara da haqq qazandırıram.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülərlə bağlı bildirib.
Deputat deyib ki, bəzi sosial şəbəkə istifadəçiləri təkcə yekəxanaları, insanlara qarşı sayğısız davrananları söymürlər:
"Öz ideoloji baxışlarına uyğun gəlməyənləri də söyürlər, qınayırlar. Tutaq ki, fikir deyirsən, indiki təhsil modeli ilə yanaşı ayrıca özəl qızlar məktəbi açılsa yaxşı olar. Yəni təhsil almayan qız övladı qalmaz. Adam razılaşıb-razılaşmamaq haqqına sahibdir, ancaq bu fikrə görə də təhqir yazır. Yəni demək istəyirəm ki, qudurğanlıq, tərbiyəsizlik kasıba, varlıya baxmır. Elə yoxsul tanıyıram ki, yaxşı ki, əlinə pul düşməyib, bütün çevrəsini narkoman edərdi. Bir də minlərlə xeyriyyə işi görən varlıları da yada salın".
Parlamentarinin sözlərinə görə, bölgünü varlı-kasıb üzərindən aparsaq, yanlış nəticəyə vararıq:
"İki kateqoriya insan var: sağlam düşüncəli və xəstə düşüncəli. Bir çox hallarda insan naqisliyini, yaxud da comərdliyini üzə çıxaracaq mühit olmur. Hər bir halda cəmiyyətimizdə insanların bir-birinə qarşı aqressiyasının azalması çox vacibdir. Milli auramızı hədsiz toz-tozanaqlı göstərir".
Deputat əlavə edib ki, avtomobil sürücüləri tez-tez motesikletlə yemək paylayanların yolda onlara təhlükə yaratdığından gileylənirlər:
"Doğrudur yolda bəzən təhlükə yaradırlar. Bəs cəmiyyətdə necə? Bu şəxslar əslində ən böyük hörmətə layiqdirlər. Küçədə-bacada, çayxanalarda, yollarda, məhəllələrdə yüzlərlə avaralanan gənc görəndə nə deyirik? Əlbəttə, ölkədə məşğulluq problemi böyük ölçüdə mövcuddur, ancaq zəhmətə qatlaşmağa meylli olmayan insanlar da az deyil. Məhz bu kateqoriyadan olan adamlar halal zəhmətlə gündəlik ruzisini qazanırlar, əlbəttə, maddi çətinlikləri var, ailə-uşaq problemləri var, ancaq gedib "iş yoxdur" bəhanəsinin arxasında gizlənmirlər, mümkün olan işin qulpundan yapışırlar. Ona görə də bu insanları təhqir yox, təqdir etmək lazım. Yolda təhlükə yaradanları yola vermək olar, ancaq cəmiyyətdə tüfeyli kimi təhlükə yaradanların törətdiyi qəzalar daha ağır nəticələr doğurur".