"Türkiyə bir tərəfdən vasitəçi rolunu üzərinə götürüb və ölkəmi dəstəkləyir, digər tərəfdən isə Rusiyadan gələcək turistlər üçün hazırlıqlara başlayıb. Prezident kimi söyləməliyəm ki, dost münasibətlərə sahib olmaq istəyiriksə, belə şeylər olmamalıdır. Bu, doğru deyil və ikili standartdır. Düşünürəm ki, Türkiyə bir seçim etməlidir” - bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın “ERT” kanalına müsahibəsində deyib.
Zelenskinin bu açıqlamasından sonra bəzi siyasətçilər onu tənqid atəşinə tutublar. Digər tərəfdən Ukrayna-Türkiyə münasibətlərinin hansı məcrada inkişaf edəcəyi əsas müzakirə mövzusuna çevrilib. İddia olunur ki, Ukrayna liderinin qərəzli yanaşması Ankaranı Kiyevlə münasibətlərə yenidən baxmağa məcbur edəcək.
Prezident Volodimir Zelenskinin qardaş ölkə barədə fikirlərini Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu xatırladıb ki, Türkiyə Ukraynaya kifayət qədər yardım göstərib:
"Bununla belə, Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula bilməz. Bu, birmənalıdır. Əslində, Zelenski əvvəlki açıqlamalarında Türkiyənin mövqeyini anladığını söyləyirdi. İndi isə həm də onu nəzərə almaq lazımdır ki, müsahibəni yunan jurnalist götürüb. Yəni Türkiyəyə kifayət qədər qərəzli davranan bir ölkənin jurnalistinin Zelenskinin cavablarını nə qədər tam yayımladığını bilmirik. Burada təxribat da ola bilər. Ancaq hesab edirəm ki, Zelenski Türkiyəyə iradlarını bildiribsə, bu, yanlışdır”.

E.Şahinoğlunun sözlərinə görə, sonrakı açıqlamalarında Zelenskinin səhvini düzəldəcəyi gözlənilir:
“Türkiyə "Bayraktar"lar satmaqla, humanitar dəstək verməklə, vasitəçilik etməklə Ukraynaya yardım edib və etməkdə davam edir. Bundan artıq Türkiyə nə etməlidir? Onun "Türkiyə tərəf tutmalıdır" ifadəsinə gəldikdə, biz bunu yunan qəzetinə istinadən deyirik. Dəqiq deyil, o bunu deyib, yoxsa yox. Buna görə də, Zelenski yaxın günlərdə bu ifadəsinə düzəliş etməlidir. Əks təqdirdə Türkiyə kimi tərəfdaşı itirmək Ukraynaya baha başa gələ bilər”.
Politoloq sözügedən açıqlamada Qərbin təzyiqinin olub-olmadığı ilə bağlı mövqeyini belə izah edib:
“Zelenskinin Qərbin təzyiqi ilə bunu dediyinə inanmıram. Yəni Qərbin özünə Türkiyənin Ukraynaya "Bayraktar"lar satması maraqlıdır. Xatırladım ki, Türkiyə bunu heç bir ölkə Ukraynaya silah satmadığı bir vaxtda da edirdi. İndi Qərb buna görə Türkiyəyə minnətdardır. Qərb niyə Zelenski ilə Türkiyənin arasını vursun? Düzdür, Qərbdə bəzi mərkəzlər Türkiyənin vasitəçiliyinə həssaslıqla yanaşa bilərlər. Amma Zelenskiyə təzyiq varsa belə, o, anlamalıdır ki, belə məntiqsiz açıqlamalarına davam etsə, Türkiyə-Ukrayna münasibətini gərginləşdirəcək, həm də Türkiyənin Ukraynaya dəstəyi azalacaq”.