Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentin müdafiə və təhlükəsizlik komissiyasının iclasında çıxışı zamanı bildirib ki, silahlı qüvvələrin rəhbərliyində struktur dəyişiklikləri zərurətdir.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Papikyan vurğulayıb ki, struktur dəyişiklikləri digər məsələlərlə yanaşı, Rusiya tərəfi ilə əməkdaşlıq çərçivəsində işlənib.
“Biz rusiyalı həmkarlarımızla il yarımdır ki, bu dəyişikliklər üzərində işləyirik”.
Nazir qeyd edib ki, söhbət Baş Qərargah rəisinə nazirin birinci müavini funksiyalarının verilməsindən gedir. Papikyanın sözlərinə görə, son bir neçə ildə bir idarənin tərkibində mahiyyətcə iki qurum formalaşıb və bu, onun fikrincə, ölkənin müdafiə sisteminin səmərəli fəaliyyətini pozur və əlavə bürokratik problemlər yaradır.
Deputat Qurgen Melkonyanın müharibə zamanı qərarların qəbuluna kimin cavabdehlik daşıması ilə bağlı sualına cavab olaraq Papikyan deyib ki, hər bir məmur öz məsuliyyətini daşıyır, lakin əsas siyasi məsuliyyət müdafiə nazirinin çiyninə düşür.
Nazir hesab edir ki, təklif olunan dəyişikliklər nazirliyi daha monolit edəcək. O qeyd edib ki, müdafiə strukturlarının tərkibində funksiyaları təkrarlanan bölmələrə tez-tez rast gəlmək olar. Məsələn, maliyyə məsələləri ilə məşğul olan 8 şöbə var idi. Nazir bunu yolverilməz hesab edir.