Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Salyan, Sabirabad, Neftçala və Biləsuvar rayonlarında pambıq yığımına hazırlıqla bağlı texniki təminatın mövcud vəziyyətinin monitorinqi aparılıb və “Pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydaları” mövzusunda mexanizatorlar üçün təlim keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin, Salyan, Sabirabad, Neftçala və Biləsuvar dövlət aqrar inkişaf mərkəzlərinin, “Aqroservis” ASC-nin yerli bölmələrinin əməkdaşları və pambıqçılıq şirkətlərinin mütəxəssisləri iştirak ediblər.
Monitorinqin və təlimin məqsədi cari ildə “Aqroservis” ASC-yə və pambıqçılıq şirkətlərinə məxsus pambıq yığımında və daşınmasında istifadəsi nəzərdə tutulan kənd təsərrüfatı texnikalarının mövcud vəziyyətinin müəyyən edilməsi, pambıqyığan kombaynlarla işləyərkən təhlükəsizlik qaydalarına əməl edilməsi, yanğın təhlükəsizliyinə qarşı müvafiq tədbirlərin görülməsi və bu sahədə mexanizatorların təlimatlandırılmasıdır.
Tədbir zamanı pambıqyığan kombaynlara baxış keçirilib və mexanizatorlara müvafiq tövsiyələr verilib.
Təlimlərin respublikanın digər pambıqçılıq rayonlarında da keçirilməsi nəzərdə tutulur.