Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.
Stanislav Zas KTMT-nin Baş katibi kimi üç illik fəaliyyətini başa vurub. Onun yerinə Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov gətirilib.
Modern.az xəbər verir ki, Tasmaqambetov əmək fəaliyyətinə 1973-cü ildə Quryev rayonunun Mahambet kəndindəki uşaq-gənclər idman məktəbində (boks və güləş) məşqçi kimi başlayıb.
1979-cu ildə Quryev rayonunun Mahambet adına orta məktəbində coğrafiya və biologiya müəllimi işləyib.
O, daha sonra məsul vəzifələrdə - Qazaxıstan Komsomol Mərkəzi Komitəsinin 1-ci katibi (ilk dəfə 1989-cu ildə çoxalternativ əsaslarla seçilib) və İKT sədri vəzifələrində çalışaraq ictimai-siyasi həyatda fəal mövqe sərgiləyib. Daha sonra Qazaxıstan Respublikasının Gənclərlə İş üzrə Dövlət Komitəsinin sədri olub.
1993-1995-ci illərdə İmanqali Tasmaqambetov Qazaxıstan Prezidentinin köməkçisi vəzifəsində çalışıb.
1995-1997-ci illərdə Qazaxıstan Respublikası Baş nazirinin müavini olub. 1997-ci ildə Qazaxıstan Respublikasının təhsil və mədəniyyət naziri təyin olunub.
1997-1998-ci illərdə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini - Prezident Administrasiyasının təşkilati-nəzarət şöbəsinin müdiri postunda fəaliyyətini davam etdirib.
Tasmaqambetov 1998-1999-cu illərdə Qazaxıstan Respublikası Prezidentinin birinci köməkçisi, 2000-ci ilin dekabrından Baş nazirin müavini vəzifəsini tutub.
2002-2003-cü illərdə Qazaxıstan Respublikasının Baş naziri təyin edilib. 2004-cü ildə Prezident Administrasiyasının rəhbəri olub.
2004-cü ilin dekabrından2008-ci ilin aprelinə qədər Alma-Ata şəhərinin, 2008-ci ilin aprelindən 2014-cü ilin oktyabrına qədər Astana şəhərinin meri kimi fəaliyyət göstərib.
22 oktyabr 2014-cü ildə Qazaxıstanın müdafiə naziri təyin edilib. 2016-cı ilin sentyabrında yenidən Qazaxıstan Respublikası Baş nazirinin müavini postuna təyinat alıb.
2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 18 dekabr 2019-cu ildə səfir vəzifəsindən azad edilərək yaşa görə təqaüdə göndərilib.
Tasmaqambetov bu ilin may ayında Qazaxıstan Qolf Federasiyasının prezidenti seçilib.