Modern.az

Deputat: “Türk dövləti bölgədə güclü olmasa...”

Deputat: “Türk dövləti bölgədə güclü olmasa...”

Aktual

21 May 2013, 10:57

 

“Mən yenə bu düşüncədəyəm ki, bayağı vətənpərvərlik anlayışı ilə Türkiyədə problemlərimizi anlatmanın faydası yoxdur. Daha elmi və gerçəkçi bir yanaşma ilə bu münasibətlərin sağlam məcraya yönəlməsinə nail olmaq mümkündür”. Modern.az-ın məlumatına görə, bu sözləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa İstanbul Ticarət Universitetində keçirdikləri görüşü şərh edərkən bildirib. Onun sözlərinə görə  bütün sualları, hətta təxribati xarakterli sualları cavablandırarkən ümumi olaraq hər iki toplumun mühakimə tərzinin doğru olmadığı düşüncəsinə varıb.

Deputatın fikrincə, bu məsələ   şüarların və hədəflərin doğru olmamasından qaynaqlanır. “Orada da qeyd etdim ki, bizim illərdir ortaya qoyduğumuz terminlər hansısa gerçəkçi məna ifadə etmir. Məsələn, "Adriatikdən Çin səddinə qədər Türk dünyası" yanlış bir deyimdir. Türk Dünyasının məkan obrazında deyil, insan obrazında hansısa dəyərə sahib olması mümkündür. Bu məkanın içində yer almayan Almaniyada faydalı bir Türk topluluğu nədən həmin məkandakı Əfqanıstanda hansısa kütlədən başqa bir şey ifadə etməyən topluluqdan daha önəmli sayılmalıdır?”.

Daha sonra millət vəkili əlavə edib ki, “bir millət, iki dövlət” anlayışı dəyişilməlidir.
“Məncə bu, "Biz bir çağdaş millət, iki demokratik dövlət olmalıyıq" şəklində yenilənməlidir”. Sonda isə deputat regiondakı Türk amilinə toxunaraq Rusiyanın təzyiqindən xilas olmaq barədə də söz açıb. “Bir Türk dövləti ciddi bölgəsəl gücə çevrilmədən, digərlərini Rusiya basqısından xilas etmək mümkün olmayacaq. Onun bölgədə ən güclü dövlətə çevrilməsi üçün təbii sərvətləri bol olan Türk dövlətləri təmənnasız olaraq öz dəstəklərini artırmalıdırlar”.

 

Aqşin KƏRİMOV
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı