Modern.az

ABŞ-a qaçan at oğruları, “Trendyol” qalmaqalı... – Modern.az-ın icmalı

ABŞ-a qaçan at oğruları, “Trendyol” qalmaqalı... – Modern.az-ın icmalı

Aktual

25 Fevral 2023, 09:50

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının birinci ildönümündə, yəni fevralın 24-də Qərb ölkələrinin Moskvaya qarşı yeni sanksiyalarına, Ermənistan-Azərbaycan münasibətləri üzrə yeni hadisə və açıqlamalara, Milli Məclisin plenar iclasına və digər önəmli hadisələrə şahidlik etdik.

 

Modern.az dünənin icmalını təqdim edir.

 

Azərbaycan Xarici İşlər Nazirliyi baş nazir Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına cavab olaraq bildirib ki, onun açıqlamaları Ermənistan tərəfinin növbəti dəfə arzularının reallıq kimi təqdimatı cəhdidir. "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Laçın yolundan istifadə qanuni və şəffaf olmalıdır və yoldan sui-istifadə hallarına yol verilməməlidir. Bu səylərin tərkib hissəsi kimi, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd nəzarət keçid məntəqəsi yaradılması barədə təkliflə çıxış edib", - açıqlamada bildirilir.

 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib. O, Ermənistan Baş naziri Nikol Paşinyan və digər erməni rəsmiləri ilə görüşüb, Laçın yolundakı vəziyyət, Brüssel formatı üzrə görüşləri, eləcə də Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə edib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb.

 

Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın "vəzifəsindən azad olunmasına" münasibət bildirib. Bununla bağlı jurnalistlərə açıqlama verən XİN başçısı Vardanyanın Qarabağa aidiyyəti olmadığını söyləyib. O, həmçinin bildirib ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan şərti sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifi məqbul hesab etməyib.

 

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İŞİD-in mühasibi və onun qardaşı həbs olunub. Müəyyən edilib ki, Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatına qardaşı Salahov Mircəlal Seyidağa oğlu tərəfindən cəlb olunub. Mircəlal Salahov sözügedən terror təşkilatının Suriya Ərəb Respublikasında apardığı hərbi əməliyyatlarda iştirak edərək yaralanıb.

 

Dünən, həmçinin Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 27 məsələ daxil edilib. Deputatlar bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar. İclasda deputat Bəhruz Məhərrəmov şəhid analarını siyasətə alət edənləri sərt tənqid edib. Kamran Bayramov isə heç kimin bələdiyyələrdə işləmək istəmədiyini deyib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2022-ci il üzrə məruzə təsdiqlənib. Plenar iclasda deputat Elman Məmmədov Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımına həsr olunmuş "Ana harayı" abidəsini ziyarət etməyi rəsmi protokala daxil etməyi təklif edib.

 

Bundan əlavə, Milli Məclisin iclasında kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilib. Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev “Forma-88” göndərişinin ödənişsiz olduğunu bildirib. Qüdrət Həsənquliyev isə “Forma-88” əsasında pensiya təyin olunmasını tənqid edib və bildirib ki, bir dövlət qurumu digərinə inanmır.

 

Deputat Siyavuş Novruzov ziyalıların, həkimlərin sutkalarla ABŞ səfirliyi qarşısında viza almağı gözlədiyini bildirib. “18-ci əsrdə Amerikaya bütün Avropanın oğruları, baş kəsənləri, at oğrusu, dana oğrusu köçüb. İndi Amerika yenə də o ənənəsini davam etdirir”, - deyə o bildirib.

 

İclasda deputat Fazil Mustafa vətəndaşların Bakıda qeydiyyata alınması ilə bağlı problemləri dilə gətirib. "Rayondan gələn vətəndaşlara bildirilir ki, qeydiyyata alınmırsa, rayona qayıtmalıdır. Bu olduqca ciddi problemdir", - o deyib. Naqif Həmzəyev isə təmsil etdiyi Gəncə şəhərinin seysmik zonada yerləşdiyini bildirib və binaların seysmoloji tələblərə uyğun tikilməli olduğunu bildirib: "Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil".

 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Cavid Süleymanlının Türkiyənin "Trendyol" platformasına qarşı tədbirlərin görülməsi barədə təklifi sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Modern.az işin detallarını araşdırıb və qurum məsələ ilə bağlı rəsmi açıqlama verib.  

 

Ukraynada müharibənin birinci ildönümündə Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Yeni sanksiyalar 92 fiziki və hüquqi şəxsə təsir edib. Polşanın Baş naziri Mateuş Moravietski Kiyevə səfər edib və özü ilə bərabər 4 "Leopard 2" tankı aparıb. ABŞ Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin birinci ildönümü ilə əlaqədar rusiyalı ukraynalı həmkarlarına zəng edib. Türkiyə lideri ardınca Fransa Prezidentinə zəng edib və ikitərəfli münasibətləri müzakirə edib. 

 

Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin bu təklifləri ehtiva edən 12 maddədən ibarət sənəd yayımlayıb. Təklifləri oxumaq üçün bu linkə keçid edin. Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Çinin sülh təklifinə münasibət bildirib: "Ukraynanın mövqeyi məlumdur: Rusiya qoşunları 1991-ci il sərhədlərinə çıxarılmalıdır". Zelenski isə Çin lideri Si Cinpinlə görüşmək istədiyini bildirib. O, həmçinin dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Ermənistan Rusiyanı Avropanın əli ilə vurur - ŞƏRH

İŞİD-in mühasibi və qardaşı həbs olundu - RƏSMİ

Haaqa-Xankəndi-Laçın...

Tank heyətləri şərti düşmən hədəflərinin məhv ediblər

Dünyanın düzənini dəyişən müharibənin bir ili - Ən vacib məqamlar

Hər şey belə başlamışdı: 24 fevrala gətirən səbəblər - TƏHLİL

365 gün... - Savaşın FOTOLARI

Rəsmi Bakıdan Paşinyana tutarlı CAVAB

Çindən Ukrayna müharibəsi ilə bağlı 12 TƏKLİF

Azərbaycanda “Trendyol” QADAĞAN edilir?

Putinin nüvə silahını işə salmamasının SƏBƏBİ nədir? - DETALLAR

“Putinin 3 müşaviri var: Pyotr, Qroznı, Yekaterina” - Müharibəni hamıdan gizlədibmiş…

DİM magistratura sualları ilə bağlı şikayətlərə CAVAB VERDİ

"Oyuna hazır deyildik" - Qurban Qurbanov

Martda şiddətli döyüşlər başlayacaq - Hərbi ekspertdən ANONS

Siyavuş Novruzov: “Dana oğruları Amerikaya köçüb”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı