Modern.az

Türkiyəyə “Qardaş köməyi” davam edir  - FOTOLAR

Türkiyəyə “Qardaş köməyi” davam edir  - FOTOLAR

Aktual

25 Mart 2023, 19:00

Türkiyəyə dəstək məqsədilə yaradılan "Qardaş köməyi" platformasının nümayəndə heyəti 22-25 mart tarixlərində növbəti dəfə zəlzələ bölgəsinə səfər edib.

 

Bu barədə Modern.az-a açıqlamasında platformanın rəhbəri, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan üzrə İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

 

Onun sözlərinə görə, nümayəndə heyəti səfər zamanı zəlzələ bölgəsindəki vəziyyətlə tanış olub.

 

"Əsas məqsəd yeni ehtiyac siyahısı istiqamətində çalışmalarda iştirak etmək, bölgənin rəsmiləri ilə görüşərək vəziyyəti analiz edib, ona uyğun fəaliyyətimizi davam etdirmək olub. İlk növbədə Adana, Osmaniyə bölgələrini ziyarət etdik. Bölgədəki vəziyyətlə tanış olduq. Sonra Kahramanmaraşa gəldik. Burada Türkoğlu rayonunda qurduğumuz "Qardaş köməyi" məhəlləsindəki işlərlə tanış olduq. Azərbaycandan göndərilən ev tipli konteynerləri orada bir yerə toplayırıq. Valinin, bələdiyyə başqanının razılığı ilə buraya "Qardaş köməyi" məhəlləsi adı verilib. Hazırda ərazidə 100-dən artıq konteynerimiz var. Bundan sonra bələdiyyə başqanı Osman Okumuşla görüşdük. Vali ilə də qeyri-rəsmi görüşümüz oldu. Müzakirələr apardıq. Azərbaycandan göndəriləcək konteynerlərin həmin ərazidə yerləşdirilməsinə qərar verdik. Növbəti səfərimiz Adıyaman bölgəsinə oldu. Adıyaman Hataydan sonra zəlzələdən ən çox zərər görən ikinci bölgədir. Bu yaxınlarda orada sel fəlakəti də olmuşdu. Adıyamanda aparılan işlərlə maraqlandıq. Azərbaycandan göndərilən qida məhsulları vətəndaşlara təqdim olunub. Orada yeni tikilən Gənclik Təhsil Mərkəzinə baş çəkdik. Yaxın vaxtlarda Mərkəzin açılışı olacaq. Mərkəzin inşası Türkiyənin Təhsil Nazirliyi tərəfindən aparılır. Səfər zamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri, mədəniyyət nazirinin köməkçisi ilə görüşdük, əsas ehtiyacları öyrəndik. Fəaliyyətlərimizi bu istiqamətdə davam etdirəcəyik".

 

Rəşad Cabirli zəlzələ bölgəsində iftar çadırlarının qurulduğunu qeyd edib:

 

"İstər Kahramanmaraşın Türkoğlu rayonunda, istərsə də digər bölgələrdə iftar çadırları var. Bu çadırlarda hər gün minlərlə insana iftar süfrəsi açılır. Biz də prioritet olaraq Kahramanmaraş bölgəsinin Türkoğlu rayonunda "Qardaş köməyi" məhəlləsini qurduğumuz yerdə ilkin mərhələdə 3000 nəfərlik iftar süfrəsi açmağı planlaşdırırıq. Dünəndən etibarən işlərə başlamışıq. 3000 nəfərlik iftar süfrəsinin açılması bir neçə gün davam edəcək. Daha sonra digər bölgələrdə də Ramazan boyunca iftar proqramlarımızı davam etdirməyi nəzərdə tuturuq. Bundan əlavə, növbəti həftədən etibarən qida qutuları aksiyasını başlatmaq istəyirik".

 

"Qardaş köməyi" platformasının rəhbəri zəlzələ bölgəsində işlərin 3 istiqamətdə aparıldığını əlavə edib:

 

"Ümumiyyətlə, Türkiyədə işlər 3 mərhələdə həyata keçirilir. İlk iş çadırlarla bağlı idi. Bu problem demək olar aradan qalxıb. İkinci məsələ insanların ev tipli konteynerlərdə yerləşdirilməsidir. Proses təxminən bir il davam edəcək. Sonrakı mərhələdə daimi evlərin inşası gəlir. Kahramanmaraşda olarkən cənab Prezident Rəcəb Tayyib Ərdoğan Türkoğlu rayonu da daxil olmaqla bir sıra bölgələrdə təməlqoyma mərasimində iştirak edib. O, bölgədə 50 mindən artıq evin tikilməsi planlaşdırılır".

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Bakıda "Qardaş köməyi" platforması yaradılıb. Platforma Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), MÜSİAD Azərbaycan, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Gəncliyə Yardım Fondu (GYF), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), KOB Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB), Əczaçılar Klubu İctimai Birliyi, Müasir İnkişaf İctimai Birliyi, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin səlahiyyətliləri ilə birlikdə MÜSİAD Azərbaycan ofisində təsis edilib.

 

Platforma zəlzələdən zərər çəkənlərə yardım etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyilə Türkiyənin aidiyyəti dövlət qurumları, eyni zamanda Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi ilə birgə koordinasiyalı fəaliyyət həyata keçirir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?