Modern.az

Heydər Əliyevin ümumbəşəri ideyaları

Heydər Əliyevin ümumbəşəri ideyaları

Aktual

30 Mart 2023, 14:21

Heydər Əliyev bütün şüurlu həyatını yer üzündə insanlığın xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmişdir. Onun dünyagörüşünə görə, insanların təfəkkür, düşüncə tərzi müasir sivilizasiyanın səviyyəsini əks etdirməlidir. O sanki müasir sivilizasiyanın əsasını müstəqil Azərbaycan Respublikasının timsalında yaratmaq istəyirdi. Bunun nəticəsində ümummilli liderimizin yaratdığı mükəmməl ideoloji-siyasi sistemi meydana gəlmişdir. Bu sistem bütünlüklə təkcə Azərbaycan xalqının deyil, dünya xalqlarının rifahının yüksəldilməsinə yönəldilmişdir.

 

Ulu öndərimiz bu istiqamətdə bir çox möhtəşəm addımlar atmışdır. O, Azərbaycanda ikinci dəfə hakimiyyətə sivil, demokratik yolla gəlməyin əsasını qoymuş, ölkədə sivilizasiyaların inteqrasiya modelini yaratmaqla müxtəlif dinlərə mənsub insanlar arasında dostluq körpüsü salmış, dünya xalqlarının rahat həyatı naminə Xəzər neft və qazının Avropa bazarlarına çıxarılmasını təmin edən məşhur neft kontraktlarını reallaşdırmış, insan haqlarının, hüquq və azadlıqlarının qorunub saxlanmasına nail olmuşdur.

 

Ulu öndərimiz Azərbaycana rəhbərliyi dövründə dünya demokratiyasına, Şərq və Qərb dünyasının bütün xalqlarına ehtiramın əsasını qoymuş, Azərbaycanı dünya sivilizasiyalarının nümunəvi mərkəzinə çevirmiş, Şərq-Qərb, Avropa-Asiya məkanında tarixən böyük iqtisadi-mədəni rol oynayan qədim İpək yolunun bərpasına nail olmuş, yeraltı və yerüstü təbii sərvətlərdən dünya xalqlarının ədalətlə istifadə etməsini həyata keçirən ilk dövlət rəhbəri olmuşdur.

 

Heydər Əliyevin ümumbəşəri ideyaları içərisində müasir dünyanı cənginə almış terrorizmə, korrupsiyaya, insan alverinə, narkotik və radioaktiv maddələrin alverinə, milli və etnik separatizmə qarşı barışmaz mübarizə əsas yerlərdən birini tutur. O, Azərbaycanda bu mənfi hallara qarşı daimə mübarizə aparmış, bütün dünyanı da  bu mübarizəyə qoşulmağa çağırmışdır.

 

Ümummilli liderimiz bütün varlığı ilə yer üzündə sülhün, əminəmanlığın alovlu carçısı kimi fəaliyyət göstərmişdir. O, 1994-cü ildəErmənistan-Azərbaycan müharibəsini dayandırıb atəşkəsə nail olmaqla, “Mən bundan sonra müharibə edə bilmərəm” deməklə XXI əsri müharibəsiz dünya kimi görmək iradəsini ortaya qoydu. Bununla o, insanların bir-birinin qanına bais olması təcrübəsindən imtina etdi, dünyaya sülh, barış məkanı kimi baxan humanist bir dövlət başçısı nümunəsini göstərdi.

 

Böyük fərəh hissi ilə demək olar ki, Ulu öndərimizin ən layiqli siyasi varisi, davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyevin ümumbəşəri ideyalarına daim sadiq qalaraq bunları daha da zənginləşdirməyə və inkişaf etdirməyə nail olmuşdur. 2020-ci ilin payızında 44 günlük müharibədə erməni işğalçıları üzərində tam qələbə çalsaq da, bu günə qədər azğın düşməni sülh danışıqlarına dəvət edən yenə də sülhpərvər prezidentimiz İlham Əliyevdir. İlham Əliyev bütün beynəlxalq təşkilatlarda əsil sülh carçısı kimi çıxış edərək Azərbaycanın ədalətli, sülhpərvər mövqeyini ortaya qoyur. Bundan əlavə o, müasir dövrümüzün tələblərinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin ümumbəşəri ideyalarının tərkib hissəsi kimi elmin, texnikanın, texnologiyaların inkişafı sahəsində son illər çox böyük nailiyyətlərə imza atmışdır. Bunun nəticəsidir ki, müasir dünyamızda Azərbaycan kosmik tədqiqatlar, nüvə tədqiqatları kimi çox mürəkkəb və yeni elm məkanına daxil edilməkdədir. Ulu öndərimiz belə inkişafı çoxdan görür, uğurlara sevinirdi. Onun ümumbəşəri istəkləri, arzuları, tövsiyyələri, tapşırıqları hazırda ən layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, reallaşır.

 

Ulu öndərimiz Heydər Əliyevə Azərbaycan xalqının və dünya xalqlarının mənafeyi naminə göstərdiyi misilsiz xidmətlərə görə ən dərin hörmət və ehtiramımı bildirməklə ona uca Allahdan min-min rəhmət diləyir, onun ən layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevə bundan sonra da Heydər Əliyevin ümumbəşəri ideyalarının həyata keçirilməsi yolunda möhkəm cansağlığı və bir-birindən möhtəşəm uğurlar arzulayıram.

 

Allahverdi Hacıyev

ADPU-nun dosenti, əməkdar müəllim,

Yeni Azərbaycan Partiyasının qurucuları olan məşhur “91-lər”-in nümayəndəsi

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı