Məhsəti Şərif
Səhiyyə Nazirliyinin normal zamanlarda çıraqla axtarılan mətbuat xidmətinin rəhbəri Anar Qədirli nəhayət dünən pərdə arxasından çıxdı. Cənab Qədirli ana uşaq ölümü ilə bağlı açıqlama verdi. Onun açıqlamasından belə anladım ki, günah öləndədi. Fərasətin var ölmə. Anar Qədirli deyir ki, statistikaya görə, ana uşaq ölümünün sayı artmayıb. Ölən analar isə elə xəstə olub. Əslində dünən bu açıqlamanı oxuyanda yazmaq istəyirdim. Amma bəlkə aqressiv olaram və yazım ədalətli olmaz deyə, özümə bir gün düşünmə zamanı verdim. Amma Səhiyyə Nazirliyinin açıqlamasında məntiq tapa bilmədim.
Əvvəla əgər ana xəstədirsə və o doğum riski daşıyırsa, bu ilk hamiləlik ayından anaya bildirilir. Çünki 9 ay müddətində ana hər ay həkim müayinəsində keçir. Bu müddət ərzində anaya demək olar ki, bütün təhlillər aparılır. Qan, şəkər, böyrək hətta ana bətnində olan uşağın da 5 ayına qədər dünyaya gəlməsinin riskli olub-olmadığı yoxlanır.
Normal həkimlər bilir ki, ikili, üçlü və nəhayət dördlü testlər var. Bununla doğum riski tam aydın olur. Mən bu qaydaları yuxumda görməmişəm. Türkiyənin Hasaki Egitim və Araştırma xəstəxanasının qadın xəstəlikləri və doğum uzmanı dosent doktor Başak Baksu deyir ki, əgər bu testlərdə anada hər hansı bir risk görsənmirsə, ana və uşaq ölümü yalnız həkimlərin başarısızlığıdı. Uzman doktor onu da deyir ki, adətən bu cür risklər 35 yaşdan başlayan analarda olur. Bu analara hamiləliyin 4 ayında artıq xəbərdarlıq edilir və doğum yalnız ananın izni ilə həyata keçirilir.
Bir həftə öncə Sumqayıtda 2 saylı xəstəxanada qeysəriyyə əməliyyatı zamanı həkimlərin cift qalıqlarını təmizləmədiyinə görə qanı zəhərlənən vəziyyəti ağırlaşdıqdan sonra Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gətirilən orda böyrək çatışmazlığı və beyin qanaması ilə həyatını dəyişən Pərvinə Hüseynova cəmi 26 yaşında idi. (O, 26 yaşı ölümündən iki gün əvvəl tamamladı). O, 9 ay hamiləliyi müddətində həkim müayinəsindən keçmişdi və doğum üçün heç bir risk qeydə alınmamışdı. Yaş həddi də onun ana olmasına əngəl törətmirdi. Pərvinə Hüseynova mənim dayım qızıdır və Anar Qədirli mənə əksini sübut edə bilməz. Onun ölümü məhz həkim naşılığından oldu.
Məsələ tək Pərvinənin ölümü ilə də tamamlanmır. Ağdaşda 12 belə ölüm faktı qeydə alınıb. Sadəcə, Səhiyyə Nazirliyi ölüm faktlarında əsl səbəbi araşdırmır və əksinə, ört-basdır edib bisavad həkimlərə şərait yaradır. Ana-uşaq ölümü bir tərəfə, başqa əməliyyatlarda nə qədər ehtiyatlıdırlar? Jurnalist Elnarə Tofiqqızının ölümü? Buna nə cavab veriləcək? Və yanlış qoyulan diaqnozlar? Bunların da günahı vətəndaşdadı?
Təxminən bir ay əvvəl Xırdalanda yaşayan 14 yaşlı Səbinə Seyidovaya xərçəng diaqnozu qoymuşdular. Ailə üzüntüdən məhv olmuşdu və Səbinəni təcili İrana apardılar, məlum oldu ki, onda sadəcə kist var. Ümumiyyətlə heç əməliyyata gərək yoxdu.
Hamımızın yaxşı tanıdığı aparıcı Gülnarə Məmmədovaya ürək-damar xəstəliyi diaqnozu qoyuldu və o, təcili Türkiyəyə gəldi. Yenə yanlış diaqnoz qoyulmuşdu. Aparıcı sağlam Azərbaycana döndü. Mən bu cür faktların sayını artıra bilərəm. Əgər cənab Anar Qədirli istəyərsə, ona böyük bir siyahı, xəstəxanaların və yanlış xəstəlik diaqnozu qoyulan insanların adlarını, eləcə də sənədləri təqdim edə bilərəm. Bundan sonrakı açıqlamanın nə olacağını çox maraqla gözləyərəm. Belə çıxır ki, xəstələr “Ya Allah!” deyib ölümlərin gözləsinlər, maddi durumu olanlar isə başqa ölkələrə üz tutsunlar. Analar isə doğumdan imtina etsinlər.
Ən yaxşısı tükənməkdi. Kimsə uşaq dünyaya gətirməsin. Yəqin o zaman səhiyyəmiz SOS siqnalı çalar. Bu arada mən peşəsini sevən həkimlərin də haqqını yemək istəmirəm. Amma onların sayı az olduğundan “qurunun oduna yaş da yanır”.