Modern.az

Hər gün zəlzələ - Xəzərdə nə baş verir?

Hər gün zəlzələ - Xəzərdə nə baş verir?

Aktual

Bu gün, 09:37
Son günlər Xəzər dənizi akvatoriyasında qeydə alınan seysmik aktivliyin artması ictimaiyyətdə müəyyən narahatlığa səbəb olub. Belə ki, son 10 gün ərzində bölgədə onlarla yeraltı təkanın baş verib. Məlumata əsasən, Xəzərdə seysmik aktivlik müşahidə olunmaqla yanaşı, aprel ayında ümumilikdə 16 zəlzələ qeydə alınıb.

Xəzərdə müşahidə olunan son seysmik aktivliyin səbəbləri ilə bağlı Modern.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, Xəzər dənizi Azərbaycanın seysmik baxımdan aktiv bölgələrindən biridir.

“İlk olaraq qeyd etmək istərdim ki, Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdəndir. Burada vaxtaşırı zəlzələlər qeydə alınır. Xəzərdə maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar mütəmadi olaraq baş verir və biz bu barədə ictimaiyyəti daim məlumatlandırırıq.

Son günlər zəlzələlərin sayında müəyyən artım müşahidə olunur ki, bu da ərazidə aktivliyin yüksəlməsi ilə bağlıdır. Qeyd etməliyəm ki, maqnitudası 3 və daha yuxarı olan bütün zəlzələlər barədə məlumat verildiyindən informasiya axını da artır. Bu isə insanlarda müəyyən narahatlıq yarada bilir”.

V.Rafiqqızı həmçinin vurğulayıb ki, son 10 gün ərzində qeydə alınan ən güclü zəlzələ 8 aprel tarixində baş verib:

“8 aprel tarixində Xəzərin cənub zonasında maqnitudası 5.3 olan zəlzələ qeydə alınıb. Bu təkan cənub bölgəsində bəzi yaşayış məntəqələrində 3-4 bal gücündə hiss olunub. Daha sonra 12 aprel tarixində maqnitudası 4.6 olan zəlzələ baş verib ki, onun quru sahəsinə demək olar ki, heç bir təsiri olmayıb”.

Onun sözlərinə görə, belə aktivlik seysmik bölgələr üçün normal hesab olunur:

“Əgər ərazi seysmik baxımdan aktivdirsə, orada vaxtaşırı zəlzələlərin baş verməsi təbiidir. Bu zaman həm zəif, həm də orta maqnitudalı təkanlar müşahidə olunur. Əsas məqam ondan ibarətdir ki, bu zəlzələlər nəticəsində ocaqda toplanmış enerji tədricən boşalır. Parçalanma prosesi gedir və bir müddət sonra təkanların intensivliyi zəifləməyə başlayır. 8 apreldə baş verən 5.3 maqnitudalı zəlzələdən sonra qeydə alınan təkanlar daha aşağı maqnitudalıdır. Hazırda əsasən 3 maqnitudaya yaxın xırda təkanlar müşahidə olunur ki, onların quru sahələrə heç bir təsiri yoxdur”.

Şöbə müdiri onu da əlavə edib ki, Xəzərdə çoxsaylı afterşoklar qeydə alınır:

“Son günlər həmin ərazidə 500-ə yaxın xırda təkan, yəni afterşok qeydə alınıb. Proses davam edir və bu da ocaqda enerji boşalmasının getdiyini göstərir”.

V.Rafiqqızı eyni zamanda zəlzələlərin proqnozlaşdırılması məsələsinə də aydınlıq gətirib:

“Ümumiyyətlə, zəlzələlərin dəqiq proqnozu yoxdur. Uzunmüddətli və orta müddətli proqnozlar mövcuddur ki, bu da yalnız ərazinin seysmik aktivliyi ilə bağlı ümumi ehtimalları ifadə edir. Dəqiq proqnoz yəni hansı gün, hansı saat, hansı episentrdə və hansı maqnitudada zəlzələnin baş verəcəyini söyləmək bu gün dünyanın heç bir ölkəsində mümkün deyil.

Bunun əsas səbəbi zəlzələ ocaqlarının yerin dərin qatlarında - bəzən onlarla, hətta yüzlərlə kilometr dərinlikdə yerləşməsidir. Bu səbəbdən həmin prosesləri tam dəqiqliklə izləmək və nəticəni əvvəlcədən demək mümkün olmur”.

O qeyd edib ki, Azərbaycan ümumilikdə seysmik aktiv zonada yerləşir:

“Azərbaycanda da vaxtaşırı müxtəlif bölgələrdə zəlzələlər qeydə alınır. Məsələn, mart ayında Lerik-Lənkəran sərhədində maqnitudası 3.2 olan zəlzələ baş verib. Digər ərazilərdə də 3 və 3.2-dən yuxarı təkanlar müşahidə olunub. Ümumilikdə, əgər ərazi seysmik baxımdan aktivdirsə, belə halların baş verməsi normaldır. Son günlər Xəzərdə zəlzələlərin sayının çox olması da həmin ərazidə aktiv proseslərin getdiyini göstərir. Hazırda baş verən təkanların quru sahələrə hər hansı təsiri yoxdur”, - deyə o fikrini tamamlayıb.

Məlumat üçün bildirək ki, ötən gün səhər saatlarında Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ qeydə alınıb. 

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi