Ermənistanın keçmiş maliyyə naziri, Dövlət Gəlirləri Komitəsinin sabiq sədri Qagik Xaçatryanın işi üzrə bu gün məhkəmə iclası keçirilib.
Modern.az Ermənistanın Azadlıq radiosuna istinadən xəbər verir ki, Xaçatryan məhkəmə zalına xərəkdə gətirilib. Məhkəmə iclasının videoya çəkilməsinə icazə verilməyib.
Qagik Xaçatryana qarşı xüsusilə külli miqdarda rüşvət alma, çirkli pulların yuyulması və dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı ittihamlar irəli sürülüb. Ermənistan Baş Prokurorluğu sentyabrın 1-də ona dörd epizod üzrə yeni ittihamların verildiyini açıqlayıb.
İstintaq çərçivəsində Xaçatryanın və oğlunun yaşadığı ünvanlarda, həmçinin onlarla əlaqəli 21 şirkətin ofis və filiallarında axtarışlar aparılıb.
Ermənistanın Antikorrupsiya Məhkəməsi sentyabrın 2-də sabiq nazir barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Xaçatryanın vəkilləri onun səhhətində ciddi problemlər olduğunu, onurğasına yerləşdirilmiş implantın yerindən tərpəndiyini və hərəkət zamanı şiddətli ağrılar keçirdiyini bildirirlər. Müdafiə tərəfi ittihamları qəbul etmir.
Dövlət Qagik Xaçatryan və onunla əlaqəli şəxslərdən 193 daşınmaz əmlakın, 29 şirkətdəki payların, 14 nəqliyyat vasitəsinin və digər aktivlərin müsadirəsini tələb edir.