Modern.az

Afrika haqqında mənfi xəbərlər qitəyə milyardlarla dollar ziyan vurur

Afrika haqqında mənfi xəbərlər qitəyə milyardlarla dollar ziyan vurur

Media

Bu gün, 09:58

Beynəlxalq mediada Afrika barədə formalaşdırılan mənfi informasiya fonu qitənin iqtisadi inkişafına, investisiya cəlbediciliyinə və qlobal nüfuzuna ciddi zərbə vurur.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda çıxışı zamanı seneqallı jurnalist Barka Ba deyib.

O bildirib ki, hər il beynəlxalq mediada Afrika haqqında formalaşdırılan mənfi təsəvvürlər qitəyə milyardlarla dollar həcmində iqtisadi itki yaşadır. Onun sözlərinə görə, bu, təkcə informasiya və imic məsələsi deyil, həm də iqtisadi suverenlik, qlobal ədalət və inkişaf imkanları ilə bağlı problemdir.

Barka Ba qeyd edib ki, media yalnız hadisələri işıqlandıran vasitə deyil, həm də narrativlərin formalaşdığı əsas platformadır. O hesab edir ki, XXI əsrdə dekolonizasiya siyasi müstəvi ilə məhdudlaşmamalı, iqtisadiyyat, düşüncə tərzi və kommunikasiya üzərində nəzarəti də əhatə etməlidir.

Seneqallı jurnalist bildirib ki, beynəlxalq medianın böyük hissəsində Afrika əsasən münaqişələr, korrupsiya və böhranlarla əlaqələndirilir. Halbuki qitədə iqtisadi inkişaf, innovasiya, sahibkarlıq və sosial tərəqqi sahələrində mühüm uğurlar əldə olunur.

Onun sözlərinə görə, bu birtərəfli informasiya siyasəti investorların qərarlarına, dövlətlərin iqtisadi göstəricilərinə və Afrikanın beynəlxalq nüfuzuna birbaşa təsir göstərir, qitənin öz inkişaf modelini dünyaya təqdim etmək imkanlarını zəiflədir.

Barka Ba bildirib ki, bu problemin aradan qaldırılması üçün süni intellekt vasitəsilə Afrika ilə bağlı informasiya qərəzinin müəyyənləşdirilməsi istiqamətində təşəbbüslər həyata keçirilir. Lakin o hesab edir ki, bununla kifayətlənmək olmaz.

O vurğulayıb ki, yerli media institutlarının gücləndirilməsi, media layihələrinin maliyyələşdirilməsi, jurnalistlərin peşə hazırlığının artırılması və müstəqil media biznes modellərinin yaradılması vacibdir.

Bununla yanaşı, Barka Ba süni intellekt texnologiyalarının ictimai maraqlara xidmət etməsinin, afrikalı mütəxəssislərin bu texnologiyaların hazırlanması və tətbiqində aparıcı rol oynamasının əhəmiyyətini qeyd edib.

O əlavə edib ki, Afrika qlobal standartlara uyğun media məhsulları istehsal etməli, beynəlxalq informasiya platformalarında media suverenliyini gücləndirməli və informasiya siyasətini dövlətlərin suverenlik strategiyasının mühüm hissəsinə çevirməlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR