"KİV-lər müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətində göstərilən səylərdə əvəzsiz rol oynayıb."
Modern.az xəbər verir ki, Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" adlı beynəlxalq konfransda çıxışı zamanı Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, son üç il ərzində Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliyin nəticələri və dekolonizasiya prosesinin əhəmiyyəti barədə qlobal məlumatlılığın artırılması istiqamətində mühüm irəliləyişə nail olub.
Abbas Abbasov vurğulayıb ki, jurnalistlərin peşəkarlığı, məsuliyyəti və fədakar fəaliyyəti qlobal məlumatlılığın artırılmasında həyati əhəmiyyət daşıyır:
"Sizin peşəniz yüksək fədakarlıq və dürüstlük tələb edir. Bu, çox vaxt yüksək təzyiq və sıx vaxt qrafiki şəraitində çalışmanı tələb edən dinamik və məsuliyyətli sahədir. İctimaiyyətin məlumatlandırılması və cəmiyyətlərin düzgün informasiya ilə təmin edilməsində həlledici rol oynayan peşəkarlığınızı, işinizə sadiqliyinizi və məsuliyyətinizi yüksək qiymətləndiririk", – deyə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru qeyd edib.