Gec xəbər tutdum... Yəqin, ya işin çoxluğundandır, ya da, yaş artıq özünü göstərir. Xətrini istədiyim insanların doğum günü əvvəlki kimi yaddaşımda qalmır. Nəisə ki, peşəkar jurnalistikayla məşğul olandan qiyabi tanıdığım, sonralar isə 9 il iş yoldaşı olduğum Əməkdar jurnalist, “Ədalət” qəzetinin şöbə müdiri Faiq Qismətoğlunun (Hüseynov Faiq Qismət oğlu) doğum gününü unutmuşam. Bir də onda duyuq düşdüm ki, Azərbaycan Mətbuat Şurasında Faiq müəllimin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.
Sən demə, ad günündən bir gün əvvəl - 30 iyunda yaxın dostları yığıb - komalanıb F.Qismətoğlunun başına, bu özəl gündə onu tək qoymayıblar. Tanınmış yazarın adını tutub Mətbuat Şurasına gələnlər içərisində yazıçı-publisist Vaqif Bəhmənli, veteran jurnalist, müstəqillik dövrü Azərbaycan mətbuatında öz dəst-xətti ilə tanınan “7 gün” qəzetinin baş redaktoru olmuş Emin Eminbəyli, politoloq və jurnalist Elşad Həsənov, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı, Əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, jurnalist-publisist İqbal Əlisoy, jurnalistlər Zaur Vəliyev, Asif Talıboğlu və başqaları olub. Elə saytlardan oxudum ki, MŞ sədri Rəşad Məcid hər bir yazar üçün qiymətli olan SÖZlə yubiliyara layiq olduğu qiyməti verib. Deyib ki, F.Qismətoğlu jurnalistikaya sədaqətli xidmətin nümunəsidir. Bunu ora yığışan qələm adamları da etiraf edib. Vurğulayıblar ki, Faiq müəllimin mövzuları hər zaman həyatdan götürülüb, oxuculara son dərəcə səlis və oxunaqlı şəkildə çatdırılıb. Bunun nəticəsində F.Qismətoğlu cəmiyyətdə yetkin qələm sahibi kimi tanınaraq populyarlaşıb. Çıxış edənlər də F.Qismətoğlunun son dərəcə incə publisistik duyuma malik olmasından söz açıb, bu cəhətin onun çoxsaylı yaradıcılıq nümunələrində özünü göstərdiyini deyiblər. Onlar həm də yubilyarın səmimi və qayğıkeş həmkar, əsl dost kimi səciyyələndirən cəhətlərinə diqqət çəkərək onu səmimi qəlbdən təbrik ediblər.
Hələ BDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin “Faiq Qismətoğlu yazır...” məqaləsini oxuyanda ürəyim dağa döndü!
Çox sevindim ki, dostlarının, mediamızın tanınmış simalarının Faiq müəllimin peşəkarlığı haqqında qısa və lakonik danışması dadıma çatıb. Bəli, yalan olmasın, yaşım qədər stajı, peşəkarlığı, başımın tükü qədər məqalələri olan həmkarımı analiz etməyə, oxucuya bu haqda danışmağa yer qoymayıblar! Çünki onların sözü SÖZdür!
Burada onların çıxışından sonra mənim Faiq müəllimin yaradıcılığı ilə bağlı nəsə yazmam doğru olmaz!
Böyüklərimiz danışırsa, bizə susmaq düşər! Amma bir insan olaraq Faiq müəllimin insanlığına “Ədalət” qəzetində işlədiyim 9 il ərzində ( 2007-2010 və 2019-2025) bələd oldum və bu haqda danışmasam olmaz!
Faiq müəllim, sadə, mehriban bir az da saf adamdır. Niyə “bir az” dedim, 70 il yol gələn yaxşı insanlar həyatı boyu hər sifətdə, hər xarakterdə, yaxud da ən murdar xasiyyətdə adamlarla qarşılaşanda bir dərs götürür, bir ibrət alır və götürdüyü dərs, aldığı ibrət onun içindəki saflığa, təmizliyə öz təsirini göstərir. Məsələn, insan biləndə ki, inandığı, dost dediyi, saydığı filankəs əslində onun qarşısında ən böyük manelərdən biri imiş, əslində ayağının altında “quyu” qazmaqla məşğul imiş və içdəki saflıq az-az, hissə-hissə azalır, yerini özünümüdafiə instinktinə verir. İndi görün, Faiq Qismətoğlunun uşaq kimi saf təbiətinə bu 70 ildə necə zərbələr dəyib və buna baxmayaraq o saflıq hələ də öz məkanını tərk etməyib.
Bəli, belə çətin bir zəmanədə, saf, ruhu pisliklərdən uzaq, rəhmli, mehriban insanlar qalmaqdadır, var! Və Faiq Qismətoğlu məhz belə bir insandır! 9 il ərzində mən onda zərrə qədər pislik, mərdimazarlıq, paxıllıq kimi bir xarakterə rastlamadım.
Hə, yadıma düşmüşkən deyim. Deməli, “Ədalət” qəzetində (əlavə olaraq) korrektor işlədiyim vaxtlar idi. Faiq müəllim bir səhifəlik çox vacib bir material hazırlamışdı. Redaksiya onun yazısının başa çatmasını gözləyirdi ki, yazı qəzetə getsin, çap prosesi başa çatsın, hamı evinə dağılışsın. Adətən, məqalələr kağız səhifəyə çıxarılırdı, mən də hərf səhvlərini elə axtarıb tapırdım, korrektə edirdim. Faiq müəllim necə tələsirdisə, dedi, yox ee Əntiqə, gəl, məqaləni elə kompüterdən oxu, redəktə elə! Day mənim nə həddimə, Faiq müəllim kimi bir jurnalistə etiraz edim... Hə, keçdim kompüterin arxasına , başladım yazını oxumağa... Yarısına qədər çatmışdım və “ox”u vuraraq məqaləni aşağıya “dartırdım ki.... Elə o anda yazı ekrandan yoxa çıxdı. Bayaqkı yazılı səhifə ağappaq oldu, mən də o səhifədən beşbetər ağardım. Ölmüşdüm yerdən götürən də yox idi. Üz ifadəmi, mimikamı elə ilk duyan da Faiq müəllim oldu. Nə soruşdu, yadımda deyil, çünki eşitmirəm, ölmüşəm axı...
Keçdi kompüterin arxasına səhifəni ağappaq görəndə Faiq müəllimin gözləri elə geniş açıldı, elə böyüdü ki, səhifənin və mənim rəngimi aldı. Yadımdadı ki, qəflətən elə bil redaksiyda göy guruldadı, şimşək çaxdı. O da yadımdaydı ki, ya Babək müəllim, ya da rəhmətlik Oqtay müəllim, dedi ki, Faiq səs eləmə, “uşaq ayaqüstə ölüb”. Faiq müəllim, keçdi kompüterin arxasına və yazını yenidən yazmağa başladı. Təsəvvür edin, çapa hazırlaşan işçilərin narazı baxışlarını... Düzgüncə qanqaraçılıq... Hamımız oturub Faiq müəllimin yazısının bitməyini gözləyirik. Xeyli gözlədikdən sonra Faiq müəllim nə yazdı bilmirəm, amma məqaləni başa çatdırdığını elan elədi. Bəlkə də gecə saat 9-dur, 10-dur... Kimsə dedi ki, Əntiqə, gəl kompüterdən yazını oxu! Faiq müəllim az qala havalandı: "Yoooxxx, vərəqə çıxardın, ordan oxusun...”
Sabahı günü redaksiyaya yenə günortadan sonra gəldim. 6-cı mərtəbənin pilləkənlərin çıxıb sola burulanda baxdım ki, Faiq müəllim dəhlizdə “var-gəl” edir. Bu dəfə ağarmaq əvəzinə qıpqırmızı oldum. Dünən “bir mövzunu 2-ci dəfə işləmək “əzabını" bu sakit, saf, mehriban insana verdiyimə görə utandım. Yanından astaca “salam” deyib ötmək istəyirdim. Elə mehribanlıqla, doğmalıqla üzümə gülümsədi ki, sanki uzun illər görmədiyi bir əzizini elə indicə gördü: "Qızım, dünən deyəsən bərk xətrinə dəydim? Eləmi?”
Gözümü yerə dikdim və ürəyimdə dedim: "Evini Allah tiksin, dünən ölmüşdüm, yerdən götürənim yox idi, meyitim qalmışdı ortada”...
“Qızım, sən Allah dünənki hayıma-küyümə görə məni bağışla! Sənə qarşı haqsızlıq etdim! Vallah özümdən asılı olmadı ee... Bilirsən də, məqalə övlad kimidir, dünən sən mənim “övlad”ımı harasa itirdin (gülür). Amma tapdım... bala, bağışla...”
Səs zəif və titrək idi, xüsusən, “peşmaçılıqdan bu gecəni yata da bilməmişəm” deyəndə.
Faiq müəllim, narahat olmayın, olan işdir, günah məndəydi ki, bilmədiyim işi boynuma götürdüm, gərək kompüterin qarşısına keçməyəydim”.
Beləcə, dostlaşdıq. Bir birimizin, Faiq müəllim demiş, “əmi-bala” kimi xətrini əziz tutduq.
Sonra “Ədalət”ə müxbir kimi gələndə (2019) sevinənlərdən oldu. Orada işlədiyim 6 ildə bir dəfə də olsun xərtimə dəymədi, acılamadı, həmişə məni mehriban dindirdi, danışdırdı. Əmin idim ki, ən çox ürək qızdırdığı adamlardanam. Bəli, Faiq Qismətoğlunun fəaliyyətini, peşəkarlığını dövlətimiz qiymətləndirib, sayılıb-seçilən Əməkdar jurnalistlərdəndir. Amma Faiq müəllimin insani xarakterlərini, mehribanlığını, saflığını, dürüstlüyünü və ləyaqətini ancaq elə onun özü kimi insanlar anlayar. Hə, Faiq müəllim, hamımız doğumdan ölümə qədər yol gedirik, bu yolda büdrəyənlər, zibilə-çamura yıxılanlar, insanlığını, vicdanını, ləyaqətini itirənlər, mərdimazarlığı, paxıllığı, “quyu” qazmağı, “işverən”liyi özünə şakər edənlər oldu!
70 ildir alnıaçıq, üzüağ yol gedən Faiq Qismətoğlu, keçdiyiniz şərəfli yolunuz mübarək olsun!

Ehtiramla Əntiqə Rəşid