İnsan bəzən öz düşüncəsinin doğru olduğuna inansa belə, ətrafındakıların fikirlərinin təsiri altında qalaraq çoxluğun mövqeyini qəbul edir. Öz baxışını müdafiə etmək əvəzinə, başqalarının dedikləri ilə razılaşmağa üstünlük verir. Hətta haqlı olduğu məqamlarda belə, fərqli görünməkdən və qəbul olunmamaqdan çəkinərək öz fikrindən uzaqlaşa bilir. Bu isə insan davranışında sosial təsirin və çoxluğun düşüncəsinin nə qədər güclü rol oynadığını göstərir.
Mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova Modern.az-a açıqlama verib:
“Ümumiyyətlə, bu, insanlara aid olan, xüsusən də toplumsal bir problemdir. Amma bunu sırf sürü psixologiyası ilə əlaqələndirmək düzgün olmaz. Burada ən çox tənqid olunmaq qorxusu, qəbul olunmamaq qorxusu dayanır.
Eyni zamanda bu, insanın çox özünü yormadan başqalarının fikirləri ilə razılaşaraq öz komfort zonasından çıxmamaq üçün atdığı addımdır. Yəni hazır bir düşüncəni qəbul etmək çoxlarının seçdiyi yoldur. Biri var ki, onu analiz edəsən, üzərində düşünəsən, beynini yorasan, alternativ yollar axtarasan. Biri də var ki, kənardan hamı nə deyirsə, sən də “hə, hə” deyib razılaşırsan. İnsan üçün ən asan variant da budur. Belə olduqda insanın beynini əlavə yormağa ehtiyacı qalmır.

Bunun başqa bir tərəfi də odur ki, insan düşünür: “Mən fərqli fikir desəm, məni tək qoyarlar, məni dışlayarlar, mənimlə razılaşmazlar”. Fərqli bir fikri çox vaxt cəmiyyət, toplum, sosial mühit qəbul etməyə hazır olmur. Buna görə də insanlar əsl düşüncələrini gizlətməyə çalışırlar. Əslində başqa fikirdə olsalar da, ətrafdakı insanların düşüncələri ilə razılaşmağa özlərini məcbur edirlər ki, onları tək qoymasınlar, səhv başa düşməsinlər və ya fərqli düşüncəli insan kimi qəbul edilməsinlər.
Bu kimi düşüncələr insanda müəyyən rutin düşüncələr formalaşdırır, onları adiləşdirir və insanı komfort zonasına salır. İnsan da təbii olaraq başqalarının fikrini təkrarlayır: hamı nə deyirsə, o da onu deyir.
Halbuki hər bir insanın cəsarət edib öz fikrini, xüsusən də fərqli fikrini ifadə etməsi — məsələn, on nəfər eyni fikri deyirsə, on birinci olaraq fərqli fikir söyləməsi — müəyyən cəsarət və xarakter tələb edir. Bu xüsusiyyət isə hər insanda olmur.
Məhz buna görə bu məsələ cəmiyyətdə müəyyən problemlər yaradır. İnsanlar eyni geyinir, eyni danışır, eyni sözləri, əzbərlənmiş ifadələri və qəlibləşmiş düşüncələri təkrarlayırlar. Mən belə düşüncələrə “gipsləşmiş düşüncələr” deyirəm. Çünki həmin düşüncələr artıq donmuş, dəyişməz hala gəlmiş olur.
Bütün bunların kökündə isə yenə də bir məqam dayanır: tənbəllik. İnsan düşünür: “Beynimi niyə yormalıyam? Hazır material var”.
Çünki bilirik ki, XXI əsr bir növ kopyalama əsrinə çevrilib. İnsanlar çox vaxt kopyalamağa üstünlük verirlər. Məsələn, biri bir mağaza açır, bir məkan yaradır, sonra ona oxşar, eyni tipdə başqa nümunələr meydana çıxır. İnsanlar fərqli və orijinal ideya yaratmaq əvəzinə, mövcud olanı təkrarlamağa çalışırlar.
Çünki fərqlilikdən qorxurlar. “Fərqli olsam, qəbul olunmaram” düşüncəsi insanları eyni olmağa yönəldir. Təəssüf ki, bu kopyalama meyli düşüncələrə də təsir edir. Halbuki hər şey düşüncədən başlayır.
Nəticədə insanlar bundan narahat olur, nevrotik hallar yaşayırlar: “Mən etdim, mən dedim, amma o eynisini təkrarladı. Sənin öz fikrin yoxdurmu? Sənin öz ideyan yoxdurmu?” kimi münaqişələr yaranır.
Təbii ki, bu proseslər də cəmiyyətdə kütləvi nevrotik hallara və kütləvi psixoloji gərginliyə gətirib çıxara bilir”.
Nicat Rüstəmzadə