Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqton sülh razılaşmalarının və Sülh Sazişi mətninin paraflanmasının birinci ildönümündə Prezident İlham Əliyevə zəng etməsi və tərəflər arasında baş tutan telefon danışığı Cənubi Qafqazda təşəkkül tapmaqda olan yeni geosiyasi və beynəlxalq-hüquqi reallıqların institusionallaşması baxımından müstəsna strateji əhəmiyyət kəsb edir.
Bu fikirləri Modern.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş "par in parem imperium non habet" - suveren bərabərlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri müstəvisində reallaşan bu birbaşa təmas Bakı ilə İrəvan arasında vasitəçisiz, bilavasitə siyasi dialoq mexanizminin artıq dayanıqlı institusional xarakter aldığını nümayiş etdirir.
"Zəngin məhz Vaşinqton Sammitinin ildönümünə təsadüf etməsi Ermənistan rəhbərliyinin Azərbaycanın irəli sürdüyü beş təməl prinsipə söykənən sülh gündəliyini, o cümlədən regionda bərqərar olmuş yeni hüquqi-siyasi nizamı konkludent hərəkətlərlə tam və qeyd-şərtsiz qəbul etdiyinin bariz göstəricisidir. Bu addım həm də beynəlxalq müqavilələr hüququnun təməl daşı olan "pacta sunt servanda" - öhdəliklərə şərtsiz və vicdanlı əməl olunması prinsipinin tərəflər arasında praktiki icrasına verilən açıq siyasi zəmanət kimi qiymətləndirilməlidir".
Deputat qeyd edib ki, liderlərin ötən bir ildə əldə olunmuş irəliləyişləri müsbət qiymətləndirməsi və sülh prosesini yekun hüquqi rəsmiləşdirməyə doğru aparmaq iradəsini yenidən vurğulaması bilateral münasibətlərin postkonflikt mərhələsindən konstruktiv əməkdaşlıq və dinc yanaşı yaşama mərhələsinə keçidini sürətləndirir ki, bu dinamika da regionda güclərin balansı mexanizminin kənar aktorların təsirindən azad olunaraq sırf daxili-regionologiya çərçivəsində tənzimlənməsini şərtləndirir:
"Yekun sülh sazişinin imzalanması istiqamətində nümayiş etdirilən bu qətiyyət Cənubi Qafqazın transmilli nəqliyyat-logistika dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizi - Orta Dəhliz konseptinin tam funksionallıq qazanmasına, delimitasiya və demarkasiya proseslərinin beynəlxalq presedentlərə uyğun olaraq sürətlə tamamlanmasına hüquqi zəmin yaradır.

Mövcud təhlükəsizlik konfiqurasiyasının və regional arxitekturanın konseptual təməlində isə, heç şübhəsiz ki, müasir beynəlxalq münasibətlər sistemində "sui generis" liderlik modeli nümayiş etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü strateji təşəbbüslər və Azərbaycanın güc imkanları durur. Prezident İlham Əliyev hərbi-siyasi və diplomatik resursların simbiozundan məharətlə istifadə edərək onilliklər boyu davam edən status-kvonu ləğv etmiş, beynəlxalq hüququn kağız üzərində qalmış imperativ normalarını praktiki müstəvidə bərpa edərək məhz "jus cogens" normaları əsasında regional sülhün unikal modelini yaratmışdır".
B.Məhərrəmov onu da əlavə edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində suverenliyini tam bərpa edən Azərbaycan Prezident İlham Əliyevin praqmatik və uzaqgörən xarici siyasət kursu sayəsində mütləq qalib tərəf olmaqla yanaşı, həm də gələcək sülhün və regional inteqrasiyanın əsas memarı kimi çıxış edir.
"Aydındır ki, Bakı və İrəvan arasında davamlı normallaşma prosesi yalnız iki dövlətin deyil, bütövlükdə geniş Avrasiya coğrafiyasının təhlükəsizlik və inkişaf paradiqmasını yenidən müəyyənləşdirir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strateji çərçivə regionu geosiyasi qarşıdurma meydanından çıxararaq onu qarşılıqlı iqtisadi asılılıq, geoiqtisadi sinerji və sabitlik məkanına çevirir. Bu baxımdan, iki ölkə arasında birbaşa siyasi dialoqun dərinləşməsi Cənubi Qafqazda yüzillik münaqişə səhifəsinin tamamilə qapanmasını və dayanıqlı sülhün uzunmüddətli beynəlxalq-hüquqi zəmanətlər sisteminə çevrilməsini təmin edir", - deyə deputat qeyd edib.