Modern.az

"3+3" niyə "3-3" platformasına çevrildi?

"3+3" niyə "3-3" platformasına çevrildi?

Analitika

Bu gün, 16:17

2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə edilən zəfərdən sonra Azərbaycan tərəfindən Cənubi Qafqazda davamlı sülh və iqtisadi inteqrasiyanı hədəfləyən "3+3" regional məşvərət platforması təklif edilib. 3 region ölkəsini-Azərbaycanı, Ermənistanı və Gürcüstanı, eləcə də, regional qonşu dövlətlər - Türkiyə, Rusiya və İranı öz ətrafında birləşdirməli olan format 2024-cü ilin oktyabrında İstanbulda keçirilən xarici işlər nazirlərinin üçüncü görüşündən sonra yenidən toplaşmadı. Əldə olunan ilkin razılaşmalara əsasən, növbəti iki görüşün regionun iki əsas paytaxtında - Bakı və İrəvanda keçirilməsi planlaşdırılırdı. Həmin görüşlər bu günə qədər baş tutmayıb və formatın gələcəyi ilə bağlı gözlənti mövcuddur. 

Modern.az-a danışan sabiq səfir Nəsib Nəsibli bildirib ki, “3+3” formatında durğunluğun səbəblərini izah edib:

“3+3” formatı yaxşı bir layihə olsa da, reallaşmadı. Bunun da bir neçə səbəbi mövcuddur. Birinci səbəb Gürcüstanla bağlıdır. Belə ki, Gürcüstan Rusiyanın olduğu bir platformada iştirak etmək istəmədi. Yəni ərazilərini Rusiyanın işğal etdiyini əsas gətirərək işğalçı ilə əməkdaşlıq etmək istəmədi. Digər tərəfdən İranın problemləri çıxdı. Məhz bu amillərlə bağlı olaraq, proses irəliləyib, inkişaf etmədi”.

N.Nəsiblinin fikrincə, “3+3” formatının əvəzinə Azərbaycan,Türkiyə və Ermənistan əməkdaşlıq planlarını həyata keçirə bilərlər.

"Ən önəmli məsələ budur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın. Buna bənzər bir sənəd həmin günün sabahı Türkiyə ilə də imzalanacaq. Ermənistanla aramızdakı 10 illərlə sürən gərginliyin və üstəgəl Rusiyanın buradakı təxribatçı fəaliyyətlərinin aradan qaldırılması üçün buna getmək lazımdır. Mən bunu, dəfələrlə, demişəm ki, seçkiləri gözləmədən sülh müqaviləsi imzalanmalıdır. Avqustun 8-də sülh sazişinin mətninin Vaşinqtonda paraflanması çox müsbət addımdır. İndi seçkinin nəticələrini gözləyirlər. Məncə buna ehtiyac yoxdur. Mümkün qədər tez sülh sazişinin imzalanması yaxşı olardı”.

Sülh müqaviləsi indi imzalanarsa, "Ermənistanda keçiriləcək seçkilərdə hakimiyyət dəyişsə, necə olacaq?" sualına cavabında sabiq səfir Nəsib Nəsibli bunları deyib:

“Hər halda bu sənəd Paşinyanla yox, Ermənistan hökuməti ilə imzalanacaq. Sənəd imzalansa, Paşinyan seçkidə uduzsa belə, artıq düşünməli tərəf yeni hökumət olacaq. Artıq yeni Baş nazir fikirləşəcək ki, Paşinyan hökumətinin üzərinə götürdüyü öhdəlikdən canını qurtarsın, boyun qaçırsın. Azərbaycan tərəfi bundan heç nə itirmir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!