Modern.az

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan işlərin gedişi ilə tanış olub

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində aparılan işlərin gedişi ilə tanış olub

7 Sentyabr 2009, 19:33

Prezident İlham Əliyev bu gün paytaxtın Nərimanov rayonunda tikilən Heydər Əliyev Mərkəzində olub. Ölkə başçısı inşaat sahəsini gəzib və aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə yaxından tanış olub. İlham Əliyevə məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisi ümumilikdə 15,25 hektar sahəni əhatə edir və artıq avtomobil dayanacağının dəmir-beton, elektrotexnika işləri tam başa çatdırılıb. Prezidentə bildirilib ki, mərkəzin əsas binasının tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və burada işlər davam etdirilir. Əsas binada dəmir-beton işləri 85 faiz yerinə yetirilib. Mərkəzin zirzəmi hissəsində tamamlama, elektrotexnika işləri yekunlaşmaq üzrədir. Avtomobil dayanacağını əsas bina ilə birləşdirən dördmərtəbəli keçid tuneli, əsas binaya gedən yol, kommunikasiya mərkəzi və təchizat qalereyasında dəmir-beton, elektrik işləri tam başa çatdırılıb. Landşaft sahəsinin avtomobil parkı üzərindəki hissəsində tikinti-abadlıq işləri başa çatmaq üzrədir. Bu hissədə 5 min kvadratmetr yaşıllıq salınıb, 2 dekorativ hovuz tikilmiş, pilləkən və piyada yollarının dəmir-beton işləri başa çatdırılıb. Dövlət başçısı tikintinin davam etdirilməsi və başa çatdırılması ilə əlaqədar göstəriş və tapşırıqlarını verib.
Xatırladaq ki, 2007-ci il sentyabrın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirilib. 
Heydər Əliyev Mərkəzinin tikinti işlərini “DİA Holdinq FZCO” şirkəti həyata keçirir.
Layihəyə əsasən Heydər Əliyev Mərkəzi üç başlıca tərkib hissədən və iki yardımçı strukturdan ibarət olacaq. Belə ki, mərkəzin başlıca tərkib hissəsi nadir əsərlərdən ibarət və ümumdünya məlumat vasitələrinə “onlayn” rejimdə daxil olma imkanlarına malik kitabxana və media mərkəzindən, 1284 nəfər tamaşaçı tutumu olan konfrans zalından, milli və dünya təsviri sənət incilərini nümayiş etdirən sərgi-salonlar və ölkəmizin tarixi və mədəni irsindən bəhs edən multimedia və virtual sərgilərdən ibarət muzey və mədəni irs mərkəzindən ibarət olacaq. Yardımçı struktura isə mərkəzin iki girişi önündə yerləşən ümumi ictimai sahə - foye, günün bütün saatlarında fəaliyyət göstərəcək avtomobil dayanacaq-parkı və infrastruktur obyektlər daxil olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir