Modern.az

Şəhid kapitanın anası: “Azadın səsini yox, yad birinin səsini eşitdim” - FOTO

Şəhid kapitanın anası: “Azadın səsini yox, yad birinin səsini eşitdim” - FOTO

Ölkə

Bu gün, 11:26

Vətənin azadlığı uğrunda canından keçən çox oğullar olub. Onlardan da biri də kapitan Azad Zeynalovdur.

Modern.az saytının "Şəhiddən qalan son foto" rubrikası nu dəfə Azad Zeynalova həsr olunub.

Şəhidin anası Səkinə xanım Azadla son görüşündən danışıb:

"Mən 2020-ci il fevralın 26-da Bakıya getmişdim. Azadımı da son dəfə orda görmüşdüm. Həmin vaxt heç müharibədən söz edilmirdi. Bəlkə də hansısa məlumat vardı, amma Azad mənə heç nə bildirmədi. Bu, bizim son görüşümüz oldu.

Sonra koronavirusun yayılmasına görə görə yollar bağlandı.

Sizə təqdim etdiyim şəkil Azadın son dəfə çəkdirdiyi fotodur.

Video isə bizə müharibə zamanı göndərilmişdi. Bu, Azadın şəhid olmazdan əvvəl çəkildiyi son videolentdir.

Müharibə başlamazdan bir gecə əvvəl balamla danışdım.

26-sı gecəsi söhbətimiz həmişəkindən daha uzun çəkdi. Həmin vaxt anlamamışdım. Amma indi başa düşürəm ki, Azad sentyabrın 27-də nələr yaşanacağını bilirmiş. Bəlkə də başa düşürdü ki, anasıyla son dəfə bu qədər uzun danışır.

27-si səhər mənə zəng gəldi. Dedilər "müharibə başlayıb, Prezident İlham Əliyev televiziyada çıxış edir".

Müharibənin başladığını eşitdiyim andan taqətim kəsildi. Sanki hiss etdim ki, Azadla bağlı nələrsə olacaq”.

Səkinə ana deyir ki, müharibə vaxtı oğlu onlara heç bir məlumat vermirmiş, yalnız hər şeyin yaxşı olduğun deyirmiş:

“Oktyabrın 10-u axşam danışdıq. Çox qısa oldu danışığımız.

Ayın 10-u başqa telefon nömrəsiylə danışmışdıq. 11-i həmin nömrəyə nə qədər yığdımsa, zəng çatmadı. Azadımın yaxşı olmadığını hiss etdim.

Həmin gün təxminən saat 6 olardı, eyni nömrədən zəng gəldi. Ürəyim çırpındı, telefonu necə açdığımı belə xatırlaya bilmirəm. Amma mən Azadımın səsini yox, tanımadığım birinin səsini eşitdim. Eşitdiyim cümlələrdən özümü itirdim. Telefondakı səsin bircə cümləsini anlaya bildim. "Azad yaralanıb, onu Bakıya apardılar".

Beləliklə, ağır yaralanan kapitan Azad Zeynalov 14 gün reanimasiyada qalır və oktyabrın 26-da şəhadət zirvəsinə ucalır.



Azad Zeynalov 1987-ci il yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Çomaxtur kəndində doğulub. Ailədə özündən kiçik bacısı və qardaşı var.

O, 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahan verib. 15 yaşlı Azadın həyatında bu addımı böyük rol oynayıb, imtahanda uğurlu nəticə göstərərək liseyə qəbul olunub. 2005-ci ildə isə o, Heydər Əliyev adına Hərbi Akademiyaya göndərilib. Beləliklə, gənc Azad Zeynalov seçdiyi hərb yolunda uğurla irəliləyib.

2009-cu ilin 22 iyununda ona “leytenant” hərbi rütbəsi verilib, 2010-cu ilin 23 iyununda isə N saylı hərbi hissənin mühafizə bölüyündə komandir vəzifəsinə təyin olunub.
2013-cü ildə Azad Zeynalova “baş leytenant”, 2017-ci ildə isə “kapitan” hərbi rütbəsi verilib.

Azad Zeynalov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşüb. Həyatının çiçəklənən çağında xalqı, torpağı uğrunda şəhid olub.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya məktəblərində müharibə hazırlığı başladı: Silahlar paylanıldı