Bu gün kiminsə ilk dərsi, kiminsə həyatının ən böyük başlanğıcıdır. Bu gün 15 sentyabrdır.
Azərbaycanın məktəblərində, universitetlərində uzun yay sükutu bitdi. Dəhlizlər yenidən uşaq səslərinə, universitet həyətləri gənclərin həyəcanına bürünür. Məktəblərin qapıları açılır.
Bu gün birinci sinfə gedən uşaqların çiyinlərində özlərindən böyük çantaları, gözlərində isə hələ adını bilmədikləri böyük bir dünyanın həyəcanı görünür...
Onlar hələ bilmirlər ki, həyatlarının ən uzun yollarından birinə çıxırlar. Kim bilir, illər sonra ilk dərsdə müəllimin dediyi cümləni, sinif yoldaşlarının bəzilərinin adlarını, məktəbin dəhlizində hansı pəncərənin qarşısında dayandıqlarını xatırlamayacaqlar. Amma ilk dərs gününü heç vaxt unutmayacaqlar. İlk dərs gün hiss kimi yadda qalır.
Məktəbdə ilk zəng həyatın ilk böyük çağırışıdır. Təsəvvür edin, bu gün ilk dəfə məktəb formasını geyinən bir uşaq var. Anasının əli onun əlindədir. Ata bir qədər arxada dayanıb şəkil çəkir. Ana bəlkə də uşağından çox həyəcanlıdır. Uşaq məktəbin qapısından içəri girir. Ana ona sarı baxır. Bir anlıq anlayır ki, dünənə qədər əlindən tutub həyətə çıxardığı balaca indi öz həyatının ilk böyük yoluna çıxır. Evdən tam ayrılıq olmasa da, məktəb uşağın ilk ayrılığıdır. Həyatın ilk böyük etibar mərhələsidir. Müəllim həmin gündən etibarən uşağın həyatında valideyndən sonra ən böyük iz buraxan insanlardan birinə çevrilir.
İlk dərs insanın özünü kəşf etməyə başladığı gündür. İnsan burada dərs oxumaqla paralel böyüyür, dost qazanır, ilk dəfə inciyir, ilk dəfə bağışlayır, ailədən kənar sevir, sevilir, ilk dəfə arzusunun adını qoyur.
Çox qəribədir, insan məktəbdən çıxanda əslində məktəbi özü ilə aparır. Sinif otağını, partanı, müəllimin səsini, dostlarının gülüşünü, ilk uğurunu, ilk məğlubiyyətini... İllər sonra məktəbin qarşısından keçəndə bir anlıq dayanmaq istəyir. Məktəb adlı ünvan insanın yaddaşında ömürlük yaşayır.
Bu gün neçə uşaq ilk dəfə birinci sinfə qədəm qoyur, neçə gənc tələbə adını qazanaraq universitet auditoriyalarında əyləşir. Bunlar statistika üçün rəqəm, ölkə üçün gələcəkdir. Bu gün məktəblərin qapısından içəri girən uşaqlar sabah bu ölkənin müəllimi, həkimi, mühəndisi, alimi, jurnalisti, hərbçisi, diplomatı, dövlət xadimi, rəhbəri olacaq. Onların qarşısında açılan qapı Azərbaycanın sabahına açılır.
Dünya əvvəlki olmaqdan çoxdan imtina edib. Təhsilin sərhədləri dəyişib. Azərbaycan gənclərinin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir. Onlar Bakı, Gəncə, Şəki, Lənkəran və Qubanın məktəblərindən çıxıb dünyanın müxtəlif elm mərkəzlərinə gedirlər. Haraya getmələrindən asılı olmayaraq, onların həyatında bir ünvan həmişə qalır - ilk məktəb.
Bu gün uşaqların bayramıdır. Onların valideynləri bu günü daha həyəcanla yaşayır. Valideyn üçün uşağın ilk məktəb günü onun böyüdüyünü qəbul etdiyi gündür. Dünən “ana” deyib yanına qaçan uşaq bu gün müəllimin səsinə qulaq asır. Valideyn bilir ki, bu gündən etibarən övladının həyatında onun bilmədiyi yeni səhifələr açılacaq.
Bu gün ən böyük bayram şəhid övladlarınındır. 15 sentyabrın içində başqa bir hiss də var. Bu ölkədə məktəbə gedən hər uşaq sevincdir. Şəhid övladının məktəbə getməsi isə Azərbaycan üçün xüsusi hadisədir.
Onun məktəb yolunda atasının yoxluğu var. O uşaq məktəb çantasını çiyninə keçirəndə bəlkə də atasının şəklinə baxır, səsini xatırlayır. Onun məktəbə getməsi şəhidin yarımçıq qalan arzularının davamıdır.
Bu ölkədə başı uca gəzmək ən çox onların haqqıdır. Onların ataları bu torpağın gələcəyi üçün öz gələcəklərindən keçiblər.
15 sentyabr hər il gəlir.
Ardınca payız, qış... Sonra yaz, yay... Məktəb də, uşaqlar da, zaman da dəyişir. Dəyişməyən ilk dərsin həyəcanıdır.
İnsanın həyatında bəzi başlanğıclar heç vaxt köhnəlmir. İlk məktəb günü kimi... Bu gün məktəbə gedən uşaq sabah böyüyəcək. İllər sonra müəllimin qarşısında oturduğu partanı xatırlayacaq.
15 sentyabr mübarək!
İlk dəfə məktəbə gedən uşaqların yolu açıq, müəllimlərin sözü işıq göstərən, valideynlərin sevinci əbədi olsun.
Çox qəribədir, ilk zəng hamımızın içində yatan uşağı oydır. O uşaq qışqırır ki, bizim də ilk dərsimiz, ilk məktəbimiz, bir arzuyla başladığımız yolumuz olub.
Gələcək isə hər səhər yenidən məktəbə gedəcək.