Modern.az

"Elektriçka"ların dəmiryol xətlərinin sökülməsi işi başa çatdırılıb

"Elektriçka"ların dəmiryol xətlərinin sökülməsi işi başa çatdırılıb

23 Sentyabr 2009, 12:58

Bakı-Abşeron sahəsinin dairəvi elektrik xətti üzrə elektrik qatarlarında sərnişin daşımanın həcminin aşağı düşdüyünü və gəlir əldə edilmədiyini əsas gətirən Nəqliyyat Nazirliyi bir müddət öncə dəmiryol xətlərinin sökülməsinə başlamışdı. Modern.az bu istiqamətdə aparılan işlərin gedişi barədə məlumat almaq üçün  «Dövlət Dəmir Yolu» Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqə saxlayıb. Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov əməkdaşımızla söhbətdə bildirib ki, yolların sökülməsi işi artıq tam başa çatdırılıb: “Söküntü işləri Zabrat-2, Maştağa, Bağlar, Buzovna, Mərdəkan istiqamətinə gedən dəmiryol xətlərini əhatə edib. Ümumilikdə 30 km uzunluğunda dəmiryol xətti sökülüb. Biz öz texniki avadanlıqlarımızı artıq ərazidən götürmüşük. Dəmiryol xətlərinin keçdiyi zona digər qurumlara təhvil verilir”.   Mətbuat xidməti rəhbərinin sözlərinə görə, tezliklə dəmiryol xətlərinin söküldüyü istiqamətlərdə avtomobil yollarının salınmasına başlanılacaq. Sökülən relslərə gəlincə, N.Əzməmmədov onlardan digər yollarda istifadə olunacağını deyib.

Nəqliyyat Nazirliyindən isə Modern.az-a bildirilib ki, dəmiryol xətlərinin söküldüyü istiqamətlərdə avtomagistral salınarkən yolun hər iki tərəfində 25 metr enində ərazi bütün tikililərdən təmizlənəcək.

Qeyd edək ki, elektrik qatarlarının hərəkət etdiyi dəmiryolların sökülməsi Bakıətrafı ərazilərin sakinlərini narazı salıb. Onlar «elektriçka»ları avtobuslardan daha rahat, əlverişli və ucuz nəqliyyat növü hesab edirlər. «Dövlət Dəmir Yolu» Qapalı Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nazir Əzməmmədov isə bildirir ki, Bakı Dəmiryol Vağzalından şəhərətrafı qəsəbə və kəndlərə doğru hərəkət edən elektrik qatarlarında gedişhaqları 10 qəpik olduğundan son illər bu nəqliyyat vasitəsi rentabelli işləmirdi.  Onun sözlərinə görə, yay aylarında bu qatarlardan istifadə edənlərin sayı azacıq artsa belə, onlar həmişə ziyanla işləyib. N.Əzməmmədov deyib ki, bir neçə dəfə gedişhaqlarını qaldırmaq təklifi müzakirəyə çıxarılıb, amma axırda ondan da imtina olunub. «Dövlət Dəmir Yolu» QSC-nin rəhbərliyi hesab edib ki, əgər 10 qəpiklik qatardan istifadə edənlər belə azdırsa, gedişhaqqı 30-50 qəpiyə qaldırılacağı təqdirdə vaqonlarda sərnişin tapılmayacaq. Bakı Dəmiryol Vağzalından hər gün səhər saat 5-dən başlayaraq 9 qatar işləyirdi. Elektrik qatarları üçün dəmiryol xətlərinin sökülməsi Emil Axundov, Feyzulla Quliyev kimi tanınmış memarları da narahat edib. Onların fikrincə, onsuz da avtomobil sıxlığından əziyyət çəkən və bu səbəbdən ekoloji problem yaşayan Bakıda elektrik qatarlarının ləğvi səhv addımdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi